...

“Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 20 Noyabr 2015 14:17 (UTC +04:00)
Etiraf edək ki, sovetlərdən qalma bir çox strukturlar hələ də fəaliyyətlərini davam etdirir. Məsələn, ev növbəsinə yazılmaq, planın ödənilməsi, gənclərin işdən sonra keçirəcəyi vaxt, yəni asudə vaxt və s. və ilaxır məsələlər hələ də o dönəmdən qalmadı.
“Azərbaycanın geosiyasəti”

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Etiraf edək ki, sovetlərdən qalma bir çox strukturlar hələ də fəaliyyətlərini davam etdirir. Məsələn, ev növbəsinə yazılmaq, planın ödənilməsi, gənclərin işdən sonra keçirəcəyi vaxt, yəni asudə vaxt və s. və ilaxır məsələlər hələ də o dönəmdən qalmadı. Yalnız kommunistlərin bu ölkədə çox olmasına baxmayaraq, Belarus dövlət siyasətində kommunist idealogiyasından azad olunub və burada həmin ideologiyanın təbliğatı aparılmır. Fikrimcə, bu əsas deyil, əsas odur ki, bu dövlətin Rusiyaya bağlı, hər cəhətdən ondan yardım alan xarizmatik lideri var və o dövlət siyasətini bir əldə cəmləyərək diqtə olunan istiqamətə yönəldə bilib.

Azərbaycanla Belarus arasında münasibətlərə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu ölkə ilə diplomatik əlaqələr 1993-cü ildə qurulub və illər keçdikcə daha da güclənir. Hər iki ölkənin dövlət başçılarının müxtəlif illərdə qarşılıqlı səfərləri (2006, 2009, 2012-ci illərdə İ. Əliyev Belarusa, 2007, 2010-cu illərdə A. Lukaşenkonun Azərbaycana rəsmi səfəri nəzərdə tutulur) münasbətlərin gələcək inkişafına böyül stimul verir. Lakin... Əli Həsənov yazır: "... təəssüflə qeyd edək ki, Belarus Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini heç zaman müdafiə etməmişdir. (Bu da qeyd etdiyimiz kimi, Belarusun xarici siyasətində Rusiyanın maraqlarından çıxış etməsidir-kursiv Y. O.) Məsələn, 2000-ci ildən başlayaraq, hər il BMT Baş Məclisinin sessiyalarının iclaslarında "BMT ilə ATƏT arasında əməkdaşlıq" haqqında Qətnamə layihəsində Dağlıq Qarabağ regionunun Azərbaycan respublikasına mənsubluğunu təsdiqləyən düzəlişə səsvermədə Belarus bir qayda olaraq ya iştirak etməmiş, ya da ki, bitərəf qalmışdır. MDB üzvü olan dövlətlərdən Rusiya və Tacikistanla yanaşı, Belarus da bu məsələdə hələlik bitərəf mövqe nümayiş etdirməyə üstünlük verir". (Bax. s. 498)

Moldova. Azərbaycanla Moldova arasında diplomatik əlaqələr 1992-ci ilin mayında qurulsa da, 1996-cı ilə qədər hər iki dövlət arasında münasibətlər, əsasən beynəlxalq təşkilatlar çərçivəsində reallaşırdı. Yalnız, 1997-ci ilin noyabr ayında "Moldova prezidenti P. Liçinskinin Azərbaycana rəsmi səfərindən sonra dövlətlər arası əlaqələr yaradılmış və bu səfər çərçivəsində Azərbaycan və Moldova respublikları arasında "Dostluq və Əməkdaşlıq haqqında" Müqavilə, bir neçə hökumətlərarası Saziş və digər hüquqi-normativ sənədlər imzalanmışdır.

Qeyd edək ki, Moldova 1998-ci ildə yaradılan GUAM-ın dörd dövlətindən biridir və bu çərçivədə də Azərbaycanla sıx əməkdaşlıq edir.

Hörmətli professor yazır ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq tədbirlərdə Moldova həmişə Azərbaycanın mövqeyini dəstəkləmişdir. 2008-ci ilin aprel ayında Moldova prezidenti V.Voronin Azərbaycana rəsmi səfər etmiş, 2009-cu il oktyabrın 9-da isə Azərbaycan prezidenti İ. Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Moldovada işgüzar səfərdə olmuşdur. Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında 53 ikitərəfli sənəd imzalanmışdır.

***
Qeyd etdiyimiz kimi, Avrasiyanın "Strateji planetar məkan" kodu adlandırılan və mühüm geosiyasi, geoiqtisadi və hərbi-geostrateji əhəmiyyətə malik olan, Qərb və Şərq əlaqələrində körpü rolunu oynayan ərazilərdən biri də Cənubi Qafqazdır. Bura üç ölkə-Azərbaycan, Gürcüstan, Ermənistan daxil olsa da, Qərb-Şərq əlaqələrində dənizlərarası aralıq keçidləri, quru və dəniz kommunikasiyaları, əsasən, birinci iki dövlət tərəfindən həyata keçirilir.

Yuxarıda yazdığımıza bir daha əlavə edirik ki, Cənubi Qafqazın Avrasiya məkanında rolu və əhəmiyyəti çox böyükdür. Belə ki, bu region Orta Asiya və Xəzər hövzəsi ilə birlikdə özünün enerji resursları və karbohidrogen ehtiyatları (Azərbaycan), Şərq-Qərb quru, hava, su yolları və nəqliyyat kommunikasiya dəhlizləri, satış bazarları, geosiyasi, geoiqtisadi, geostrateji maraqların toqquşduğu qarşıdurmaya gələ biləcək əsas məkanlardan biri hesab olunur.

Hörmətli profesoor yazır ki, Cənubi Qafqazın Orta Asiya və Xəzər-Qara dəniz hövzəsi ilə birlikdə geosiyasi əhəmiyyəti son illərdə mütəxəssislər tərəfindən ilk növbədə üç əsas faktorla dəyərləndirilir:
- birinci, bölgənin Şərq-Qərb və Şimal-Cənub əlaqələrində bağlayıcı məkan rolunu icra etməsi və mühüm su, quru, hava və dəmir yolları qovşağında yerləşməsi;
- ikinci, dünyanın artan enerji tələbatı qarşısında zəngin karbohidrogen ehtiyatlarına malik olması;
- üçüncü, fərqli sivilizasiyaların və keçmişdə bir-birinə rəqib olan geosiyasi blokların təmas xəttində yerləşməsi və s.

Belə qeyd etmək mümkündürsə, Cənubi Qafqaz Qərblə Rusiya arasında geosiyasi, geoiqtisadi, hərbi-geostrateji maraqların toqquşduğu ən vacib məkanlardan biridir. Bu məkanda məğlub olan tərəf gələcəkdə regionun digər məkanlarından da geri çəkilmək məcburiyyətində olacaq. Məsələn, əgər Qərb bu regionda maraqlarını itirərsə və geri çəkilərsə, o zaman Rusiya Qərbdə yerləşən (Moldova, Ukrayna və s.) postsovet respublikalarına daha intensiv müdaxilə edəcək, Krımda olduğu kimi digər ərazilərə də hərbi qüvvələr yeridəcək. Yox, əgər bu məkandan Rusiya geri çəkilərsə, o zaman NATO və Avropa İttifaqının "Şərqə doğru əməkdaşlıq" proqramı Cənubi Qafqazla kifayətlənməyəcək, bu proqram nəzərdə tutulduğu kimi, Xəzər dənizi üzərindən aşaraq Orta Asiyaya doğru irəliləyəcək.

Göründüyü kimi bu məkanda bütün maraqlar uğrunda ölüm-dirim mübarizəsi gedir. Fikrimizin təsdiqi kimi müəllif yazır: "... hazırda bir qrup dünya və region ölkəsi bölgədə daha çox Rusiyayönlü siyasət apararaq, Qərbin yerli ölkələrlə dərin əlaqələrə girməsini əngəlləməyə çalışırsa, digər qrup ölkə iqtisadi, siyasi və hərbi təhlükəsizlik sahəsində daha çox Qərblə inteqrasiyaya üstünlük verir, öz mənafelərini onun maraqları ilə uzlaşdırmağa çalışırlar. NATO və onun genişlənməsi, yaxud KTMT-nin bölgədəki hərbi-geostrateji planları, AB-nin Avrasiya ilə yeni qonşuluq siyasəti və s. transmilli təşəbbüslərə yanaşma da bu ölkələrin bir-biri ilə geosiyasi münasibətlərinə təsir göstərir. (Bax. s. 493-494).

Gürcüstan. Cənubi Qafqazda Azərbaycandan sonra ikinci mühüm ölkə sayılan dövlət Gürcüstan, o cümlədən regional tərəfdaş hesab edilən Türkiyədir. Dövlətimizin bu regionda əsas tərəfdaşı Türkiyə ilə yanaşı Gürcüstan müstəqilliyini elan etdikdən bir qədər sonra Qərbyönümlü siyasətə meyllənmiş və bu istiqamətdə müəyyən addımlar ataraq tutduğu kursu dönməz olaraq davam etdirmək niyyətindədir. Nəzərə alaq ki, NATO-nun Aİ-nın bu bölgədə əsas tərəfdaşı Gürcüstan hesab edilir. Buna görə də Gürcüstan, Azərbaycan və Türkiyə ilə yanaşı hələ keçən əsrin 90-cı illərindən başlayaraq Qərb ölkələri ilə birlikdə Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının birgə istismarının, onun daşınmasının, yaxud nəql edilməsinin və Rusiyadan yan keçməklə alternativ layihələr əsasında Avropa bazarlarına ixracına üstünlük verir, bu layihələrin təşəbbüskarı və tərəfdaşı kimi çıxış edirlər. Bu üç ölkənin birlikdə həyata (təbiidir Qərb ölkələri ilə bir yerdə) keçirdikləri transmilli layihələr (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, gələcəkdə həyata keçiriləcək TAP və TANAP) onların maraqlarının qorunmasını və geoiqtisadi təhlükəsizliyini təmin edir.
Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti