...

Ombudsman aparatının əməkdaşları Aleksandr Lapşinlə görüşüblər

Cəmiyyət Materials 16 Fevral 2017 19:37 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib.
Ombudsman aparatının əməkdaşları Aleksandr Lapşinlə görüşüblər

Bakı. Trend:

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi, saxlanılan şəxslərin hüquqlarının təmin olunması olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti: qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqlarının təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılmış, bu məqsədlə müəssisə daxilində bir çox saxlanılan şəxs fərdi qaydada qəbul edilib və dinlənilib.

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməmiş, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair hüquqi məsləhətlər verilib, sənədləri araşdırılmış, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah olunub, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunub, habelə bəzi müraciətlər yerində təmin edilib.

Başçəkmə çərçivəsində bu müəssisədə saxlanılan təqsirləndirilən şəxs Aleksandr Lapşin də fərdi qaydada qəbul edilib. O, saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından, müəssisəyə gətirilən zaman keçirildiyi tam tibbi müayinədən və bu xidmətin, habelə qida təminatının keyfiyyətindən razılıq etmiş, qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının təmin olunduğunu və maneəsiz istifadə etdiyini bildirib.

A.Lapşin vəkil və tərcüməçisi, habelə vətəndaşı olduğu Rusiya və İsrail dövlətlərinin ölkəmizdəki diplomatik nümayəndəliklərinin rəsmiləri ilə də sərbəst görüşdüyünü qeyd edib. Onun saxlanılması ilə bağlı sənədləşmə öyrənilib, habelə kamerasına baxış keçirilib və hüquqlarının təmin olunduğu müəyyən edilib. Ona hüquqları bir daha izah olunub, Azərbaycan Ombudsmanının səlahiyyətləri barədə məlumat verilib və o, qəbula görə təşəkkürünü bildirib.

Qeyd olunanlarla yanaşı, bu müəssisə üzrə Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində əvvəlki başçəkmələr zamanı saxlanılma şəraitinin təkmilləşdirilməsi məqsədilə verdiyi tövsiyələrin icra olunduğu, qidalanma və istilik sistemi ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görüldüyü müşahidə edilib.

Yekunda MPQ üzvləri tərəfindən istintaq təcridxanasının rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti