...

Marina Durunda Azərbaycan yığmasından uğurlu çıxış gözləyir

Cəmiyyət Materials 30 Aprel 2017 15:50 (UTC +04:00)
"Bu gün Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan yığmasından uğurlu çıxış gözləyirəm".
Marina Durunda Azərbaycan yığmasından uğurlu çıxış gözləyir

Bakı. Ləman Zeynalova - Trend:

"Bu gün Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan yığmasından uğurlu çıxış gözləyirəm".

Bunu Trend-ə Azərbaycan gimnastı Marina Durunda deyib.

M.Durunda hesab edir ki, bu il yığmamız çox güclüdür: "Onlar ötən gün ip və topla çıxışlarında bunu sübut etdilər. İlk gündə səhvlərə yol verdilər və çoxnövçülükdə medal qazana bilmədilər. Lakin düşünürəm ki, bu gün çox şey edə bilərlər".

Azərbaycanlı gənc gimnast Zöhrə Ağamirovaya gəlincə, M.Durunda onun çox yaxşı çıxış etdiyini bildirib:

"O mənim əvəzimə çıxış etdi. Düşünürəm ki, tapşırıqların öhdəsindən çox yaxşı gəldi. Zöhrə ilk dəfə Dünya Kubokunda çıxış edirdi və düzünü desəm, ona görə çox həyəcan keçirdim".

Jalə Piriveyanın çıxışına da toxunan gimnast qeyd edib ki, o, birinci gün səhvə yol versə də, ikinci gün özünü toparladı və yaxşı çıxış etdi.

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti