...

700 bal toplayan abituriyent: BANM tələbələrə yaratdığı şərait və karyera imkanları ilə seçilir (FOTO)

Cəmiyyət Materials 31 May 2017 11:10 (UTC +04:00)
Bakı Ali Neft Məktəbi tələbələr üçün yaratdığı şərait və karyera imkanları ilə seçilir.
700 bal toplayan abituriyent: BANM tələbələrə yaratdığı şərait və karyera imkanları ilə seçilir (FOTO)

Bakı. Trend:

Əhmədov Elmir 13 iyul 2000-ci ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində anadan olub. Orta təhsilini 2006-cı ildə Quba şəhər 3 nömrəli tam orta məktəbdə başlayıb. Sonra Elmirin ailəsi Bakıya köçüb və o, Akademik Zərifə Əliyeva adına liseydə öz təhsilini davam edib. Liseyi əla qiymətlərlə bitirib.

Məktəb illəri müddətində müxtəlif tədbirlərdə, olimpiadalarda, bilik yarışmalarında iştirak edib. 2014-cü ildə İNEPO beynəlxalq layihə olimpiadasında iştirak edərkən, bürünc medala layiq görülüb. Fizika fənni üzrə keçirilən olimpiadada final mərhələsinə kimi yüksəlib. Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında 700 bal toplayıb. Seçimi isə Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasıdır.

- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Necə düşünürsən, bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?

- Mən buna şans işi kimi baxmıram, çünki şans lotereyada olur. 700 bal biliyə, savada, səriştəliyə, zəhmətə və məntiqə əsaslanan bir göstəricidir. Bu sadəcə bal toplamaq deyil, özümü ifadədir. Buna istedad deməzdim, lakin burada əzmkarlıq böyük rol oynayır. Bu bir neçə ayın və ya ilin zəhməti yox, məktəb illərində damla-damla toplanmış bir dəyərdir.

- Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl və imtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?

- Qəbul imtahanının obyektivliyinə əmin olduğuma görə, proses barədə narahatlığım yox idi. Ancaq həyəcansız da deyildim. İndi düşünürəm ki, həmin həyəcan imtahanı yaza bilməmək qorxusundan deyil, mənim məsuliyyətimin təsirindən imiş. Əslində 3 saat davam eləmiş imtahanın nə zaman bitdiyini hiss etmədim. Başım elə qarışmışdı ki, bir də artıq 125-ci sualı cavablandırdığımı gördüm. Özüm yüksək nəticə göstərəcəyimə əmin idim, amma rəsmi cavabların açıqlanmasını gözləmək səbirsizləndirirdi.

- Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- Elmin texniki tərəqqi dövründə avtomatlaşdırmanın nə qədər perspektivli sahə olduğunu izah etməyə ehtiyac yoxdur. Ölkəmizin iqtisadiyyatının və nüfuzunun güclənməsi prosesində iştirak etmək həvəsi həmişə mənimlə olub. Niyə mən məhz BANM-i seçdim? Çünki Bakı Ali Neft Məktəbi tələbələr üçün yaratdığı şərait və geniş karyera imkanları ilə seçilir.

- Ən böyük arzun nədir?

- Ən böyük arzu deyəndə nəyi nəzərdə tutursunuz? Məncə insan çox zəngin bir varlıqdır və çoxcəhətlidir. Düşünürəm ki, arzu məqsəd çatanacan olur. Yeni məqsəd yeni arzu doğurur. Məqsədlərim genişdir, deməli arzularım da böyükdür.

- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?

- Özümü gələcəkdə savadlı və bacarıqlı bir mütəxəssis kimi görmək istəyirəm. Təhsilimi daha da təkmilləşdirmək, xarici ölkələrin təcrübəsinə yiyələnmək gələcək planlarımdandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti