...

Mütəxəssislər dövlət qulluğu məsələlərini müzakirə etmək üçün Bakıda toplaşdı (FOTO)

Cəmiyyət Materials 5 İyun 2017 11:20 (UTC +04:00)
Bakıda dövlət qulluğunda cari vəziyyəti müzakirə, bu sahədə təcrübənin və ən yaxşı modellərin mübadilə etmək məqsədilə beynəlxalq konfrans təşkil edilib.
Mütəxəssislər dövlət qulluğu məsələlərini müzakirə etmək üçün Bakıda toplaşdı (FOTO)

Bakı. Trend:

Bakıda dövlət qulluğunda cari vəziyyəti müzakirə, bu sahədə təcrübənin və ən yaxşı modellərin mübadilə etmək məqsədilə beynəlxalq konfrans təşkil edilib.

BMT-nin Bakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, konfransın işində Prezident Administrasiyası, Nazirlər Kabineti, 12 nazirlik, 3 Dövlət xidməti, 3 Dövlət komitəsi, Heydər Əliyev Fondu, Məhkəmə-hüquq orqanları, 40-a yaxın rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Konfrans Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı (BMTİP), Avropa İttifaqı (Aİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən birgə təşkil edilib.

Dövlət xidmətlərinin təkmilləşdirilməsi və mövcud beynəlxalq təcrübələr, təlim təsisatlarının münasib strategiya və qaydalarının inkişafında rolu, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin dövlət qulluğuna qlobal təsiri kimi mövzularını əhatə edəcək iki-günlük konfrans “Müasir Dövlət Qulluğu: yeni paradiqmalar, innovasiyalar və təcrübələr” adı altında keçirilib.

Tədbiri açıq elan edən Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov ölkədə dövlət qulluğu sistemində əldə edilən inkişaf barədə iştirakçıları məlumatlandırıb: “Konfrans və birgə layihə çərçivəsində həyata keçirilən tədbirlər Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə uyğun gəlir və Azərbaycanda səmərəli dövlət qulluğu institutunun formalaşmasına yardım edəcək”.

Çıxışında BMT Rezident Əlaqələndiricisi və BMTİP Rezident Nümayəndəsi Qulam M.İshaqzai Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasında dövlət qulluqçularının mühüm rolun vurğulayıb: “Dövlət qulluğu ölkədə qürur və fəxr mənbəyi olmalıdır. Texniki cəhətdən səmərəli və effektiv, eləcə də geniş əhali təbəqələrinin ehtiyaclarına cavab verən siyasətlərin hazırlanmasında peşəkar dövlət qulluqçuları əsas rol oynayır".

Bu konfrans Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dövlət İdarəçilik Akademiyası ilə birgə həyata keçirilən “Azərbaycan Respublikasında Dövlət Qulluğu Təlimlərinə Dəstək” adlı BMTİP layihəsinin bağlanış tədbiri idi.

Layihə çərçivəsində dövlət qulluqçularının təliminin əlaqələndirilməsində, eləcə də dövlət orqanları və digər təlim mərkəzlərinə metodoloji yardımın təmin edilməsində mühüm rol oynayacaq təlim mərkəzi yaradılıb və təchiz edilib.

Layihə həmçinin, dövlət qulluqçuları üçün yeni tədris metodlarının təqdimatına və təkmilləşdirilməsinə aid bir sıra hədəflərə nail ola bilmişdir. Həmçinin, 30-dan çox təlim modulları hazırlanmış, Dövlət İdarəçilik Akademiyasının təlimçilərinə təqdim edilmiş, Akademiyada yerləşən Təlim Mərkəzlərinin binaları tam təchiz edilmiş, müvafiq tematik sahələr üzrə 200-dən çox kitab və nəşrdən ibarət Kitabxana və Resurs Mərkəzi təsis edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti