...

“Kinoklub” iştirakçıları “Cümhuriyyət tələbələri” filmini izləyiblər

Cəmiyyət Materials 10 Oktyabr 2018 07:12 (UTC +04:00)
Bilik Fondunun təşkilatçılığı ilə Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində fəaliyyət göstərən “Kinoklub”un növbəti toplantısı olub.
“Kinoklub” iştirakçıları “Cümhuriyyət tələbələri” filmini izləyiblər

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində fəaliyyət göstərən “Kinoklub”un növbəti toplantısı olub.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, klub üzvləri Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdindəki Pedaqoji Kollecdə ARB “Aranfilm”in yaradıcı heyəti ilə görüşüblər.

Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı iştirakçılara təmsil olunduğu qurumun həyata keçirdiyi maarifləndirici layihələr barədə məlumat verib. Bildirib ki, “Kinoklub”un fəaliyyəti gənclərin estetik zövqünün formalaşdırılması ilə yanaşı, maarifləndirici elmi-kütləvi sənədli filmlərin baxışının təşkili, sosial video-çarxların hazırlanması, qısametrajlı filmlərin çəkilməsi, ssenarilərin yazılması, yaradıcı insanlarla görüşlərin təşkili məqsədi ilə yaradılıb.

Tədbirdə ARB “Aranfilm”in bədii rəhbəri Tahir Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mühazirə ilə çıxış edib. Tələbələrə “Cümhuriyyət tələbələri” sənədli filmi nümayiş olunub.

Nümayişdən sonra film ətrafında fikir mübadiləsi aparılıb. Yaradıcı qrup “Kinoklub”un üzvü olan tələbə-tamaşaçıların suallarını cavablandırıb.

“Kinoklub”un növbəti toplantısı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilib. Klub üzvləri 4-cü kurs tələbələrinin ifasında Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında hazırlanan tamaşanı izləyiblər. Tamaşadan sonra klub üzvləri M.F.Axundovun yaradıcılığı və onun komediyalarının səhnə həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Bilik Fondunun “Kinoklub”unda bundan əvvəlki film baxışı və müzakirəsi yerli gənclərin iştirakı ilə Şamaxı, Şəmkir, Tərtər rayonlarında və Bakıda müxtəlif məkanlarda təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti