...

Azərbaycan Universitetinin 2018-ci il üzrə elmi hesabatı dinlənilib (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2018 10:59 (UTC +04:00)
2018-ci il Azərbaycan Universiteti üçün yüksək göstəricilərlə yadda qalacaq.
Azərbaycan Universitetinin 2018-ci il üzrə elmi hesabatı dinlənilib (FOTO)

Bakı. Trend:

2018-ci il Azərbaycan Universiteti üçün yüksək göstəricilərlə yadda qalacaq. Bu il ali təhsil müəssisəsinin professor-müəllim heyəti tərəfindən uğurlu elmi-tədqiqat işlərinə imza atılıb.

Trend-in məlumatına görə, bu barədə universitetin 2018-ci il üçün elmi hesabatına həsr edilmiş genişləndirilmiş Elmi Şuranın iclasında bildirilib. İclasda universitet rəhbərliyi, professor-müəllim heyəti, struktur bölmə rəhbərləri iştirak edib.

Tədbirdə Universitetin rektoru Səadət Əliyeva açılış nitqi ilə çıxış edərək Universitetdə atılan hər bir uğurlu addımın arxasında bütün əməkdaşların böyük dəstəyi və rolu olduğunu bildirib. Rektor Azərbaycan Universitetinin yaşının gənc, məqsədlərinin böyük, üfqünün geniş olduğunu vurğulayaraq professor-müəllim heyətinin 2018-ci ildəki elmi fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb. Səadət Əliyeva tədbirdə qarşıya qoyulacaq bütün strateji hədəflərə nail olunacağına əminliyini ifadə edib və universitet heyətinə təşəkkürünü bildirib.

Rektor çıxışında heyəti 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni il münasibətilə təbrik edib, xoş arzularını bildirib.

Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva Universitetin 2018-ci il üçün elmi hesabatını təqdim edib. Təqdimat hesabat dövründə universitetdə keçirilmiş elmi tədbirlər, beynəlxalq və respublika səviyyəli konfransların hesabatı, “İpək yolu” elmi jurnalının fəaliyyəti, fakültə tələbə elmi cəmiyyətlərinin fəaliyyəti, universitet əməkdaşlarının qazandıqları elmi-tədqiqat qrantları, beynəlxalq elmi əməkdaşlıq, dərc edilmiş elmi işləri əhatə edib. Qeyd olunub ki, Universitetdə 2018-ci ildən başlayaraq elmi fəaliyyətin qiymətləndirilməsi üçün bal cədvəli tərtib olunub. Bal cədvəli tərtib edilərkən əməkdaşın elmi tədqiqat fəaliyyətindəki elmi məqalə, monoqrafiya, kitab, konfranslarda iştirak, elmi qrantlar, elmi rəhbərlik, dissertasiya müdafiəsi kimi kriteriyalar nəzərə alınıb. Universitet əməkdaşlarının elmi tədqiqat fəaliyyətləri bu sistemə görə qiymətləndirilib.

Təqdimatda bildirilib ki, universitet əməkdaşlarının respublika səviyyəli elmi jurnallarda 38, xaricdə 14, indekslənən jurnallarda isə 9 məqaləsi çap olunub. Çap olunan monoqrafiyaların sayı 11, dərsliklərin sayı 7, dərs vəsaitlərinin sayı 7, proqram və metodik vəsaitlərin sayı 83-dür. Respublika səviyyəli nəşrlərdə 30, beynəlxalq səviyyəli nəşrlərdə isə 63 tezis çap olunub. Universitet əməkdaşları tərəfindən xarici universitetlərdən olan alimlərlə birgə elmi tədqiqat işləri aparılıb və birgə məqalələr çap etdirilib.

Diqqətə çatdırılıb ki, Latviyada Azərbaycan Universiteti və Latviyanın Liepaja Universiteti tərəfindən “İnnovasiyalar və yaradıcılıq” (Innovations and Creativity) mövzusunda II beynəlxalq elmi konfrans keçirilib. Tədbir Azərbaycan Universitetinin təşkilatçılığı ilə ölkə xaricində keçirilən ilk beynəlxalq elmi konfransdır. Türkiyənin Kocaeli şəhərində Azərbaycan Universitetinin də təşkilatçılığı ilə növbəti beynəlxalq tədbir - IV Avropa İqtisadi Konqresi keçirilib. Konqresin digər təşkilatçıları Kocaeli Universiteti və Polşanın WSB Universitetidir. V Avropa İqtisadi Konqresi isə Azərbaycan Universitetinin ev sahibliyində 2019-cu ilin aprel ayında təşkil olunacaq.

Tədbirdə Universitetdə tətbiq edilən elmi-tədqiqat fəaliyyətinin qiymətləndirilməsi sisteminə əsasən ən çox bal toplamış əməkdaşlar, Azərbaycan Universiteti rektorunun “Əməkdaşların elmi tədqiqat fəaliyyətinə təşviq edilməsi haqqında” əmrinə əsasən indekslənən jurnallarda çap olunmuş məqalələrin müəllifləri mükafatlandırılıb.

Daha sonra rektorun müşaviri Nüşabə Quliyeva, Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxiyar Bədəlov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Dilənova elmi tədqiqat işinin təşkilində səmərəli fəaliyyətinə görə rektorun fəxri fərmanı ilə təltif olunublar.

Tədbirdə universitetin 2018-ci il üçün fəaliyyətinə həsr olunmuş video-çarx da nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti