...

Şamaxıda 36 mənzilli yaşayış binası şəhid ailələri və Qarabağ əlillərinin istifadəsinə verilib (FOTO)

Cəmiyyət Materials 28 Dekabr 2018 20:51 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı tədbirlərinin davamı olaraq, nazirliyin Şamaxı rayonunda inşa etdirdiyi 36 mənzilli yaşayış binasındakı mənzillər həmin kateqoriyalardan olan vətəndaşlara təqdim edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yeni mənzillərin təqdim olunması tədbirində Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

M.Kərimli Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ölkəmizdə etibarlı sosial müdafiə sisteminin qurulmasına, həssas qruplara dövlət qayğısının artırılmasına imkan verdiyini vurğulayıb.

Nazir müavini bildirib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial təminatı daim gücləndirilir. Onların Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri, bu təqaüdlərlə bərabər pensiya və ya müavinətlərlə təminatı həyata keçirilir, müharibə əlillərinə minik avtomobilləri verilir. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin ölkəmizin ali təhsil və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan övladlarının təhsil haqqı da dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

M.Kərimli eyni zamanda, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin edildiklərini, bu sahədə işlərin ildən-ilə gücləndiyini qeyd edib. O bildirib ki, dövlət başçısının 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə cari ildə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilməsi üçün əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Nəticədə, bu il həmin kateqoriyalardan olanlara təqdim olunan mənzillərin sayı 3 dəfə artaraq 626-ya çatıb. Bu isə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərilən xüsusi qayğıdan xəbər verir.

Nazir müavini Qarabağ müharibəsi əlillərinin tibbi-sosial reabilitasiyası sahəsində aparılan işlərdən də bəhs edib. O, bu il daha geniş miqyasda icra olunan özünüməşğulluq proqramında həssas qrupların fəal iştirakına şərait yaradıldığını deyib. M.Kərimli 2017-ci illə müqayisədə cari ildə 6,5 dəfə çox olmaqla, 7,8 min ailənin bu proqrama cəlb edildiyini, onlardan 160-nın şəhid ailəsi, eyni zamanda proqrama cəlb edilən 1000-dən çox əlilliyi olan şəxslərdən mühüm bir hissəsinin Qarabağ müharibəsi əlilləri olduğunu diqqətə çatdırıb.

M.Kərimli yeni mənzil alan şəxsləri bu münasibətlə təbrik edib.

Mənzillə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri maddi təminatlarının artırılmasına, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində onlara böyük fərəh hissi bəxş edən yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti