Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) 21-22 may və 4-5 iyun 2022-ci il tarixlərində keçirilmiş I-IV qruplar üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı təşkil edilmiş Apellyasiya Komissiyasının məlumatını açıqlayıb.
DİM-dən Trend-ə verilən məlumata görə, 21-22 may və 4-5 iyun 2022-ci il tarixlərində keçirilmiş I-IV qruplar üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı təşkil edilmiş Apellyasiya Komissiyasına 971 abituriyent ərizə ilə müraciət edib. Bu ərizələrdə ümumilikdə 1540 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub. Qeyd edək ki, bu imtahanlarda abituriyentlərin ümumilikdə 732861 yazı işi yoxlanılıb. Apellyasiya üçün edilən müraciətlər bütün tapşırıqların cəmi 0.21%-ni təşkil edib.
Daxil olan müraciətlər araşdırılıb və abituriyentlərin apellyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 265 nəfərlə videogörüntü ("Zoom" proqramından istifadə etməklə) vasitəsilə, 706 (onlardan 35-ə yaxın abituriyent dəfələrlə edilən zənglərə cavab verməyib) nəfərlə isə telefonla əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılıb. Apellyasiyaya müraciət edənlərdən 136 abituriyentin (bütün imtahan verənlərin 0,17%-i) cəmi 142 tapşırıq (bütün tapşırıqların 0,02%-i) qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə abituriyentlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 14 işdə edilmiş düzəlişlər imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.
Əlavə olaraq bildiririk ki, 5 iyun 2022-ci il tarixində I ixtisas qrupu üzrə keçirilən imtahanda riyaziyyat fənninə aid 1 (bir) tapşırığın şərtində qeyri-korrektliyə yol verildiyi aşkar olunub. Buna görə də Apellyasiya Komissiyasının üzvləri tərəfindən həmin test tapşırığının komissiyaya müraciət edib-etməməsindən asılı olmayaraq abituriyentlərin xeyrinə, onlar tərəfindən düzgün cavablandırılmış kimi götürülməsi qərara alınıb.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb. Ona görə də abituriyentlərə səhifələrinə daxil olaraq apellyasiyanın nəticələri ilə tanış olmaq tövsiyə olunur.
Xatırladaq ki, bu imtahanlarda 81429 abituriyent iştirak edib və onların ümumilikdə 732861 tapşırıq üzrə yazı işi yoxlanılıb.