...

Məktəb direktorlarının işə qəbuluna başlanılır

Cəmiyyət Materials 3 Avqust 2022 10:34 (UTC +04:00)
Məktəb direktorlarının işə qəbuluna başlanılır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 11-də şagird sayı 500 nəfərdən çox və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək. Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, direktor olmaq istəyən şəxslər avqustun 16-dək www.miq.edu.az/direktorlar linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələlərindən ibarət olacaq. Müsabiqənin yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarətdir. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandıran namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq. Namizədin seçdiyi esse mövzuları üzrə mümkün 10 baldan yarısını toplayanlar müsahibə mərhələsinə buraxılacaqlar.

Qeyd edək ki, 2021-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqədə keçid balı toplamış və müsahibə mərhələsinə dəvət olunmamış şəxslər birbaşa esse mərhələsində iştirak etmək imkanı qazanacaqlar. Həmin şəxslər yenidən test imtahanı mərhələsində iştirak etdikləri halda ötənilki müsabiqə nəticəsi qüvvədən düşəcək.

Test imtahanından əvvəl bölmələr üzrə nümunə test tapşırıqları paylaşılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti