...

Parklanma ilə bağlı qanunvericiliyə dəyişikliklər sistemin təkmilləşdirilməsinə xidmət edəcək - RƏSMİ

Cəmiyyət Materials 28 İyun 2024 16:43 (UTC +04:00)
Parklanma ilə bağlı qanunvericiliyə dəyişikliklər sistemin təkmilləşdirilməsinə xidmət edəcək - RƏSMİ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin avqust ayından parklanma məntəqələri və yerlərinin təşkili üzrə işlərin icrasına başlanılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən parklanmanın proqram təminatı və SMS vasitəsilə idarə edilməsi, həmçinin fərdi parklanma talonlarının tam elektron şəkildə verilməsi məqsədilə sistem istifadəyə verilib. Bu sistem hazırda geniş istifadə olunur və parklanmanın yeni paradiqmasını yaradıb.

AYNA-dan Trend-ə verilən məlumata görə, qanunvericiliyə edilmiş dəyişikliklər sistemin daha da təkmilləşdirilməsinə xidmət edəcək. Qeyd edək ki, bir çox anlayış və yanaşmalar qanunvericilikdə ilk dəfədir ki, əksini tapıb.

Belə ki, ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılması zəruri edilmişdir. Parklanma müddətinin başladılmamasına, ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat məbləğində cərimə müəyyən edilir. Ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət nəqliyyat vasitəsi parklanma yerindən ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində çıxarılmadıqda yaranır.

Parklanma üsulunun sürücü tərəfindən pozulması ilə bağlı tətbiq olunan inzibati tənbeh tədbiri təkmilləşdirilir, sürücü tərəfindən parklanma üsulunun pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yarandıqda 20 manat məbləğində cərimə edilir.

Qanunvericilikdə ilk dəfə olaraq, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən edilir. Belə ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Şəhərdə inklyuzivliyin artırılması məqsədilə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimənin məbləği 10 manatdan 60 manata qaldırılır.

Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə cərimənin məbləği 10 manatdan 20 manata qaldırılır.

Elektrik avtomobillərin istifadəsinin təşviqi məqsədilə ilk dəfə olaraq enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə müəyyən edilir.

Qanunvericiliyə xidməti parklanma anlayışı daxil edilib. Xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının), onların əməkdaşlarının, Azərbaycan Respublikasında yerləşən xarici səfirliklərin, konsul nümayəndəliklərinin və beynəlxalq təşkilatların istifadəsində olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat məbləğində cərimə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti