Bakı. Trend:
Azərbaycanın hər bir qarışı igidlər yurdu, Vətən qoxulu şəhidlər diyarıdır. Ölkəmizin hər bir bölgəsində, hər kəndində, şəhərində gəzərkən şəhidlərimizin xatirəsini anır insan, torpaqlarımızın hər qarışında onların şəkillərinə rast gəlir, igidlikləri, şərəfli ömür və döyüş yolu haqqında söhbətləri eşidirsən. Artıq yaşadığımız, işlədiymiz, gəzdiyimiz yerlərin və demək olar ki, bütün həyatımızın ayrılmaz bir hissəsidir şəhidlərimiz... Onları həyatımıza qatan, cismən olmasalar da, ruhən əbədi var edən şey, hər kəsə nəsib olmayan o ali şəhidlik məqamıdır. Bu igidlər yurdunda elə evlər var ki, bir yox, bir neçə şəhid verib, bir nəsil Allahın təyin etdiyi bu mübarək və şərəfli məqamdan nəsibini alıblar.
Belə ailələrdən biri də İmişlidə yaşamış Hüseynovlar ailəsidir. Bir evdə doğulan, yaşayan, amma bir-birini görməyən, qan bağının və qədər ortaqlığının birləşdirdiyi əmi-bala Eldənizlər...
Azərbaycan Ordusunun əsgəri Eldəniz Tahir oğlu Hüseynov 17 sentyabr 1996-cı ildə İmişli rayonunda anadan olub. Dünyaya gəlişi ilə ailəsini sevindirən körpəyə birinci Qarabağ müharibəsinin şəhidi, əmisi Eldənizin adı verilib. Eldəniz İmişli şəhər Əli Səmədov adına 6 saylı tam orta məktəbi bitirdikdən sonra 2014-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Bakı şəhərində hərbi qulluq keçib. 2016-cı ilin aprelin sonlarında hərbi xidmətini başa vuraraq evinə qayıdıb. İmişli Pambıq Zavodunda, İmişli Şəkər Zavodunda çalışıb.
Eldəniz Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində sentyabrın 29-dan qismən səfərbərlikdən yararlanaraq, könüllü olaraq döyüşə yollanıb.
Füzulinin, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şərəfli döyüş yolu 10 gün cəkib. Sonuncu dəfə ailəsi ilə oktyabrın 7-də danışıb, oktyabrın 8-dən 9-na keçən gecə Xudafərin körpüsü yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Əsgərimiz öz vəsiyyətinə uyğun olaraq, İmişlidə - adını daşıdığı əmisi, birinci Qarabağ savaşı şəhidi Eldəniz Hüseynovun yanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldəniz Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eldəniz Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eldəniz Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Eldəniz ailənin tək oğlu idi. Nişanlı idi, ailəsi onun toyuna hazırlaşırdı. 1 il 8 ay nişanlı qalan Eldəniz öz toyu ərəfəsində şəhadətə ucaldı. Şəhidin ailəsinin yaşadığı küçə hazırda onun adını daşıyır.
Şəhidin adını və soyadını daşıdığı əmisi Eldəniz Hüseynov da Azərbaycan Ordusunun əsgəri kimi 18 yaşında, bacısının toyu ərəfəsində, 1992-ci ilin oktyabrın 17-də Laçın rayonunda şəhid olub. Onun şəhadətindən 4 il sonra, 1996-cı ilin sentyabrın 17-də dünyaya gələn qardaşı oğluna qəhrəman əminin adını qoyurlar. Sadəcə adı deyil, igidliyi də genləri ilə varislərinə ötürülən əminin döyüş yolunu qardaşı oğlu davam etdirir.
Valideynləri deyir ki, balaca Eldəniz böyüyəndə əmisinin qısasını alacağını deyirmiş . Onun həm bu arzusu baş tutdu, həm də Ordumuzun qazandığı möhtəşəm qələbə ilə Eldənizlərin və bütün şəhidlərimizin qisası düşməndən alındı, uğrunda canlarını fəda etdikləri amala çatdı millətimiz. Buna görə də biz şəhidlərimizin haqqını ödəyə bilməyəcəyimiz qədər onlara borcluyuq, şəhidlərimizin ruhu, xatirəsi bizim üçün sonsuzadək əziz və dəyərli olacaq.
Allah rəhmət eləsin, Allah bütün şəhidlərimizin axirət yurdunu əbədi Cənnət etsin!