Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yol hərəkətinin təkmilləşdirilməsi, sıxlığın aradan qaldırılması məqsədilə Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkətini yenidən təşkil edib.
Trend nazirliyə istinadən xəbər verir ki, kəsişmədə arakəsmə ləğv edilərək nizamlanan yolayrıcı yaradılıb.
Bununla da Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkəti təmin olunub.
Dəyişikliklər nəticəsində nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1300 metr qısalıb. 8 marşrut üzrə (4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli) 140-dan artıq avtobusun hərəkət sxemi dəyişdirilib.
Ərazidə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi işıqforlar quraşdırıb. Piyadaların əlçatanlığı və təhlükəsizliyinin təmin edilməsi üçün işıqforların qarşısında nizamlanan eynisəviyyəli piyada keçidləri təşkil olunub.
Beləliklə, Yusif Səfərov küçəsindəki geriyədönmə yerinin nəqliyyat yükünün 950 avt/saat azalacağı proqnozlaşdırılır. Həyata keçirilən dəyişikliklər nəqliyyat vasitələrinin hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atomosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradacaq.
Əvvəllər Xocalı prospektindən 28 May və Üzeyir Hacıbəyli küçələri ilə şəhər istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələri Yusif Səfərov küçəsi ilə kəsişmədən sağa dönərək tunelin yaxınlığındakı geriyədönmə yerindən istifadə edirdilər. Bu isə həm Yusif Səfərov küçəsinin həmin aralıqda qalan hissəsində, həm də mövcud geriyədönmə yerində nəqliyyat yükünün və sıxlığın artmasına səbəb olurdu. Kəsişmədə infrastruktur olmadığından piyadalar yolu müəyyən edilməyən yerlərdən keçmək məcburiyyətində qalırdılar.