...

Şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 25 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib

Cəmiyyət Materials 10 Yanvar 2025 16:04 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 25 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Qarabağ KOB-ları” layihəsi ilə bağlı keçirilən tədbirdə bildirib.

Nazir qeyd edib ki, onlardan 12 min nəfəri özünüməşğulluq proqramına, 1054 nəfəri peşə hazırlığına cəlb edilib, digərləri münasib işlə təmin olunub.

S.Babayev nazirliyin özünüməşğulluq proqramı çərçivəsində sosial tərəfdaşlarla birgə həyata keçirdiyi layihələr üzrə isə 524 şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik təsərrüfatların qurulduğunu da diqqətə çatdırıb.

O, 2023-cü ildə icrasına başlanılan “Qarabağ KOB-ları” layihəsinin şəhid ailələri, müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğuna dəstək verilməsində önəmini qeyd edib.

KOBİA tərəfindən təşkil olunan təlimlərlə layihə iştirakçılarının biznes biliklərinin və bacarıqlarının artırıldığı diqqətə çatdırılıb. İcra edilmiş və icrası davam edən layihələr çərçivəsində 130 nəfərin xüsusi biznes təlimlərdən faydalandığı, onlardan 94 nəfərin Dövlət Məşğulluq Agentliyi tərəfindən aktivlərlə verilməklə kiçik bizneslərinin qurulduğu bildirilib.

İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərlə bağlı məşğulluq tədbirlərindən də bəhs olunub, həmin sakinlərdən iqtisadi fəal əhalinin artıq 86 faizinin məşğulluğunun təmin edildiyi qeyd olunub.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin sədrinin müavini, millət vəkili Musa Qasımlı, habelə digər hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, proqrama cəlb olunan şəxslər iştirak ediblər.

“Qarabağ KOB-ları” layihəsi çərçivəsində şəhid ailələri və müharibə iştirakçıları, ailə üzvləri arasından seçilmiş namizədlərə biznes təlimləri, eyni zamanda peşə təlimlərinin keçirildiyi qeyd olunub. Bakı, Gəncə şəhərləri, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Bərdə, Goranboy, Laçın və Füzuli rayonlarını əhatə edən layihə üzrə ümumilikdə 120 yeni KOB subyektinin yaradıldığı diqqətə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti