...

Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunmuş anım günü tədbirləri keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Yanvar 2025 16:36 (UTC +04:00)
Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunmuş anım günü tədbirləri keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın müxtəlif şəhərlərində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, Dmanisi Tədris Mərkəzində "20 Yanvar – Zəfərə aparan yol” mövzusunda tədbir təşkil olunub. Öncə iştirakçılar Dmanisi rayonunun Oruzman kəndində yerləşən 9 Aprel və 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərkəzin rəhbəri Kamran Xıdırov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini qeyd edib. Digər çıxışçılar öz növbələrində Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsinin təkcə Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlər, humanizm əleyhinə törədilən cinayət olduğunu bildiriblər.

Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”nin təşəbbüsü, təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə xalqımızın 20 yanvar və Gürcüstanın 9 aprel faciələrinə həsr olunmuş “Milli Dirəniş və Azadlığa Gedən Yol” adlı foto-sərgi və tədbir keçirilib. Tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinin nümayəndələri, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, TİKA-nın Gürcüstan nümayəndəliyinin baş direktoru Zeynəb Bayraq, Türkiyənin “MAARİF” Məktəblərinin Gürcüstan nümayəndəliyinin baş direktoru Faruk Tekşen, Marneuli Bələdiyyəsinin üzvləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, din xadimləri, ziyalılar, gənclər iştirak edib. Əvvəlcə 20 yanvar və 9 aprel faciələrində, eləcə də Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov 20 yanvar və 9 aprel hadisələri haqqında məlumat verib. Daha sonra Azərbaycanın Gürcüstandakı Səfirliyinin hərbi attaşelik aparatının rəhbəri Kamil Əfəndiyev və Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev çıxış edərək 20 yanvar və 9 aprel faciələrinin Azərbaycan və gürcü xalqlarının qəhrəmanlıq, azadlıq salnaməsi, şərəfli tarixi olduğunu bildiriblər. Tədbirin sonunda Faxralı kənd orta məktəbinin şagirdləri hər iki faciəyə həsr olunmuş şeirlər səsləndirib.

Marneulidə daha bir tədbir “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”ndə keçirilib. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə GAİM-in icraçı direktoru Murad Muradov açaraq bildirib ki, 20 Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. Tədbirin sonunda iştirakçılara “20 Yanvar. Danışan talelər” adlı sənədli film nümayiş olunub.

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri də şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Raida Dərziyeva bu qanlı soyqırım barədə məlumat verib. Sonra şair-rublisist Rafiq Hümmət, Qardabani şəhər 3 saylı məktəbin müəllimi Sevda Şahverdiyeva və digərləri baş verən hadisələrin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini, xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdiyini söyləyiblər. Tədbirdə sonunda Mərkəzin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya və 20 Yanvar faciəsinə həsr olunmuş sənədli videofilm göstərilib.

Tbilisidəki “Alyans” Gənclər Mərkəzində təşkil edilən tədbirin iştirakçıları 20 Yanvar faciəsinə aid fotosərgiyə baxıb. Mərkəzin icraçı direktoru Rəna Hüseynova bu tarixin Azərbaycanı müstəqilliyə aparan yolda dönüş nöqtələrindən biri olduğunu, xalqımızın qəhrəmanlığı və Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində SSRİ rəhbərliyinin öz məkrli məqsədlərinə çata bilmədiklərini söyləyib. Daha sonra Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov, iqtisadçı alim Aygül İsayeva, Tengiz Məmmədov, tələbə Nərgiz Bağırova çıxış edərək faciə ilə bağlı öz fikirlərini bölüşblər.

Bolnisidə fəaliyyət göstərən "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin təşkilatçılığı və təşəbbüsü ilə 20 yanvar hadisələrinin 35-ci ildönümü ilə bağlı keçirilən anım tədbirində əslən Bolnisi rayonun Faxralı kəndindən olan şəhid İlqar Əhmədovun məzarı ziyarət edilib. 20 yanvar və 9 aprel hadisələrinin şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükutdan sonra Mərkəzin icraçı direktoru Rezo Həsənov iştirakçılara 20 Yanvar haqqında məlumat verib.

Laqodexi rayonundakı “Qabal İnkişaf Mərkəzi”ndə anım tədbirini giriş sözü ilə açan Mərkəzin rəhbəri Yavər Məmmədov bildirib ki, Azərbaycan xalqının milli yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar” faciəsi kimi həkk olunan o gecədən keçən 35 il ərzində xalqımız özünün müstəqil dövlətini quraraq böyük inkişaf yolu keçib və dünya ölkələri sırasında özünəməxsus şərəfli yer tutub. 20 Yanvar hadisələrinə düzgün və obyektiv hüquqi-siyasi qiymət verilməsinin məhz Ulu Öndər Heydər Əliyevin böyük xidməti olduğunu vurğulayıblar.

Saqareco Rayonunun Qaraçöp (Yor - Muğanlı) mahalında fəaliyyət göstərən “Parlaq Gələcək Tədris Mərkəzi”ndə keçirilən anım tədbiri iştirakçıları əvvəlcə 20 yanvar və 9 aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə qərənfillər düzüb, Saqareco rayon bələdiyyəsinin sədri Lekso Gilaşivili və Saqareco şəhər meri Avtandil Qulikaşivili əklillər qoyublar. Mərkəzin müəllimləri İsmixan Məmmədov və Durna Mərdanova, Yor - Muğanlı məktəbinin direktoru Rizvan Usubov, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Samir Əbdurəhimov, el ağsaqqalı Tapdıq Mirzəliyev, Keşəli məscidinin imamı Əfqan Yolçuyev tarixi günün önəmindən, nəticələrindən bəhs ediblər.

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Mərkəzin təsisçisi Raul Əliyev çıxış edərək amansız qətliam nəticəsində dünyasını dəyişən oğul və qızlarımızın xatirəsinin daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulduğu bildirib. Digər çıxışçılar öz növbələrində faciə ilə bağlı fikirlərini bölüşüblər. Ulu Öndər Heydər Əliyev kimi təcrübəli liderin, görkəmli siyasət və dövlət xadiminin Azərbaycan cəmiyyətini qısa zaman kəsiyində milli qurtuluş ideyası ətrafında birləşdirdiyini diqqətə çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti