Bakı. Trend:
Azərbaycanda akkreditasiya olunmuş xarici dövlətlərin səfirləri Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər.
Trend xəbər verir ki, diplomatlar Azərbaycanın qəhrəman oğul və qızlarının məzarlarına güllər qoyaraq onların xatirəsini anıblar.
Qeyd edək ki, sabah Azərbaycanda 20 Yanvar faciəsinin 36-cı ildönümüdür.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən xalqa qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Həmin faciəli gündə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
