Bakı.Trend:
Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə aparan, uzunluğu 2 km olan avtomobil yolunda aparılan əsaslı təmir işləri uğurla başa çatdırılıb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
(AAYDA) məlumat yayıb.
Bildirilir ki, Uzun müddət əsaslı təmir olunmadan istismar edilən
yolun hərəkət hissəsində deformasiyalar yaranmış, qabarmalar və
çalalar əmələ gəlib. Bu isə nəqliyyat vasitələrinin rahat və
təhlükəsiz hərəkətinə ciddi maneələr törədirdi. Görülən əsaslı
təmir işləri nəticəsində mövcud problemlər tam aradan
qaldırılıb.
Təmir prosesi çərçivəsində yol boyunca zəruri sahələrdə yararsız
qrunt qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri aparılmaqla yeni
yol əsası inşa edilib. Həmçinin vətəndaşların rahat hərəkətinin
təmin olunması üçün mövcud piyada səkisi bərpa edilib, yeni
asfalt-beton örtüyü döşənib.
Qeyd edək ki, sözügedən avtomobil yolu Agentliyin balansında olmasa
da, vətəndaş müraciətləri və mövcud vəziyyət nəzərə alınaraq yolun
əsaslı təmiri həyata keçirilib.
