...

Azad Rəhimov: Avropa Oyunlarının Bakıda keçirilməsi Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şanslarımızı artıracaq

İdman Materials 2 Fevral 2013 23:25 (UTC +04:00)
Azərbaycan gəncinin potensial gücü çox böyükdür. Həm fiziki gücü böyükdür, həm də mənəvi iradəsi böyükdür. Əgər biz hamımız idmanın inkişafına şərait yaratsaq, idmanı kütləvi etsək və bütün insanlar üçün bədən tərbiyəsini onların həyatının bir hissəsinə çevirsək, xalqımızın fiziki, mənəvi sağlamlığını təmin edəcəyik. Trend-in məlumatına görə, bunu bu gün Bakıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında çıxışı zamanı gənclər və idman naziri Azad Rəhimov deyib.
Azad Rəhimov: Avropa Oyunlarının Bakıda keçirilməsi Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şanslarımızı artıracaq

Azərbaycan, Bakı, 2 fevral /Trend /

Azərbaycan gəncinin potensial gücü çox böyükdür. Həm fiziki gücü böyükdür, həm də mənəvi iradəsi böyükdür. Əgər biz hamımız idmanın inkişafına şərait yaratsaq, idmanı kütləvi etsək və bütün insanlar üçün bədən tərbiyəsini onların həyatının bir hissəsinə çevirsək, xalqımızın fiziki, mənəvi sağlamlığını təmin edəcəyik. Trend-in məlumatına görə, bunu bu gün Bakıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında çıxışı zamanı gənclər və idman naziri Azad Rəhimov deyib.

"Ulu öndər Heydər Əliyevin bu tövsiyəsi və qarşımızda qoyduğu vəzifələr, Sizin rəhbərliyiniz altında aparılan düşünülmüş siyasət, ardıcıl və məqsədyönlü fəaliyyət Azərbaycanda idmanın kütləviliyini təmin etmiş, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırmışdır. Müstəqillik dövründə Azərbaycan idmançılarının Olimpiya oyunlarında qazandığı nəticələrin artan dinamikası bu sözləri sübut edir. Eyni zamanda, Azərbaycanda keçirilən yarışların sayı və keyfiyyəti ilbəil artmaqdadır" Rəhimov deyib.

Nazir bildirib ki, son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilmişdir.

"Bu tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi Olimpiya ailəsində inam yaratmışdır.
Ölkəmizdə aparılan böyük tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmiş, bütövlükdə Azərbaycanda müasir idman infrastrukturunun yaradılması sahəsində böyük işlər görülmüş və bu işlər yüksək templə davam etdirilməkdədir.
2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, FİDE-nin qərarına əsasən ölkəmizin Dünya Kuboku-2015 və Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idman və Olimpiya aləminin Azərbaycana olan marağını daha da artırmışdır. Odur ki, ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil" nazir qeyd edib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təşkili prosesində bir sıra məsələlərin həll olunması da zəruridir.

"Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, bəzi idman növləri üçün müvəqqəti idman qurğularının inşa edilməsi vacibdir. Mart ayının ikinci yarısında Avropa idman federasiyaları ilə müvafiq sənədlər imzalanandan sonra bir sıra idman qurğularının, o cümlədən atıcılıq üçün müvafiq stendin, voterpol üçün müvəqqəti arenanın, çimərlik voleybolu üçün müvəqqəti meydançanın və s. obyektlərin müvafiq beynəlxalq standartlara uyğun inşasına ehtiyac yaranacaqdır.
Eyni zamanda, bir sıra idman obyektləri beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Həmin idman obyektləri həm müasir, həm də beynəlxalq federasiyaların texniki tələblərinə uyğun vəziyyətə gətirilməlidir. Bu tələblər, eyni zamanda, məşq prosesinin təşkil edilməsinə də aid olmalıdır. Təcrübə göstərir ki, iştirak edən idmançılar məşq zallarının yarış keçirilən arenaların texniki şərtlərinə və şəraitlərinə uyğun olmasını istəyirlər. Bunu da qeyd etmək vacibdir ki, media nümayəndələri idmançıların məşq proseslərini daha çox izləyir və məşq zallarında olan şərait ümumi rəyə ciddi təsir edir.
Vacib sahələrdən biri yarışlar zamanı idmançıların və məşqçilərin, eyni zamanda qonaqların qidalanması, tibbi xidmət və nəqliyyat məsələləridir. Atletlər kəndində xüsusi poliklinikanın və yeməkxananın yaradılması ilə bağlı planlar da müzakirə edilir. Eyni zamanda, yarış yerlərində xüsusi qonaqlar üçün VİP salonlar, yarışda iştirak edən idmançıların qidalanması və tamaşaçılar üçün iaşə obyektləri şəbəkəsi yaradılmalıdır.
Yarış günlərində şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, idmançıların, rəsmi nümayəndə heyətlərinin, jurnalistlərin və digər qonaqların şəhərdə, atletlər kəndi-idman obyektləri marşrutu ilə maneəsiz və fasiləsiz hərəkətini təmin etmək üçün kiçik və irihəcmli nəqliyyat vasitələrinin alınmasına ehtiyac vardır.
Atletlər kəndində idmançılar, məşqçilər və yardımçı heyət üçün nəzərdə tutulan yaşayış, inzibati, rəsmi və təsərrüfat təyinatlı otaqlar və sahələr müvafiq mebel, avadanlıq və ləvazimatla təchiz edilməlidir.
Eyni zamanda, atlet kəndində yaşayan bütün kateqoriya qonaqlar üçün müvafiq infrastruktur yaradılmalıdır, o cümlədən trenajor zalları, hovuz, xidmət sahələri, bank, foto, kimyəvi təmizləmə, bərbərxana, poçt məntəqəsi, internet klub, kafe, asudə vaxtın keçirilməsi üçün yer və s" Rəhimov çıxışında deyib.

Nazir hesab edir ki, oyunların keçirilməsi zamanı vacib elementlərdən biri də könüllülərin bu işdə fəal iştirakı, bütün idman obyektlərində, atlet kəndində, hava limanında və digər iaşə və infrastruktur obyektlərində təcrübəli gənclərin xidmət göstərməsidir.

"Təcrübə göstərir ki, bu cür oyunların keçirilməsi yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlərin də cəlb olunmasını tələb edir. Bununla bağlı, Gənclər və İdman Nazirliyi Milli Olimpiya Komitəsi ilə birgə London Yay Olimpiadası-2012, Vankuver Qış Olimpiadası-2010 və Futbol üzrə Dünya Çempionatı-2010 kimi yarışların təşkilində iştirak etmiş şirkət və mütəxəssislər ilə birbaşa danışıqlar aparır. Bu görüşlərin nəticəsi olaraq müraciətlərə baxılmasından sonra işçi qrupunun tərkibi ilə bağlı təkliflər irəli sürüləcəkdir. Bununla yanaşı, oyunların daha peşəkar idarə olunması üçün idman, nəqliyyat, təhlükəsizlik, protokol, maliyyə məsələləri, açılış və bağlanış mərasimləri və digər sahələr üzrə dünyada tanınmış ekspertlərin və mütəxəssislərin dəvət olunması planlaşdırılır.
Əlbəttə, oyunların keçirilməsi həmin idman yarışlarında yüksək səviyyədə iştirak etmək üçün bizim qarşımızda çox ciddi tələblər qoyur. Təşkilatçı ölkə kimi, Azərbaycan bütün idman növləri üzrə təmsil olunmaq hüququna malik olacaqdır. Bununla bağlı nazirlik tərəfindən artıq ciddi işlərə başlanılmış, hər bir idman növündə perspektivli idmançılar müəyyən edilir. Eyni zamanda, bu oyunların ölkəmizdə keçirilməsi ümumilikdə idmanın inkişafına böyük təkan verəcəkdir.
Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakının üzərinə qoyulması dövlətimiz üçün böyük önəm daşıyır. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcəkdir. Bundan başqa, Oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafına da böyük təkan verəcəkdir. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaqdır. Ən əsası isə Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaqdır.
Gənclər və İdman Nazirliyi, ölkəmizin bütün gəncləri və idman ictimaiyyəti bu möhtəşəm idman yarışlarının ən yüksək səviyyədə keçirilməsi üçün bütün səylərini səfərbər edəcəkdir" nazir çıxışının sonunda deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti