Bakı. Trend:
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekində keçiriləcək Oyunlara hazırlıq çərçivəsində yarışın birləşdirici missiyasını hamıya çatdıra bildi.
Trend-in məlumatına görə, bunu təşkilatın sessiyasını yekunları üzrə mətbuat konfransı zamanı BOK-un prezidenti Tomas Bax deyib.
"Olimpiya Oyunları hər kəs qaydalara eyni şəkildə əməl edəcəyi təqdirdə dünyanın necə görünəcəyini göstərəcək. Biz dünyanı və bəşəriyyəti bütün müxtəlifliyi ilə birləşdirməliyik, divarları yox, körpüləri tikməyi qarşımıza məqsəd qoymuşuq. Oyunlarda sosial mənşəyimizdən, cinsimizdən, irqimizdən, cinsi oriyentasiyamızdan və ya siyasi baxışlarımızdan asılı olmayaraq hamımız bərabərik, Olimpiya Oyunları siyasi qarşıdurmalardan üstün olmalı, siyasi cəhətdən neytral qalmalı və siyasi məqsədlərin hədəfi olmamalıdır. Bizim missiyamız bütün idmançıların bu dinc yarışlarda birləşməsinə şərait yaratmaqdır", - deyə T.Bax bildirib.
BOK-un prezidenti qeyd edib ki, buna nail olmaq asan olmadı, 2020-ci ilin yanvar və iyul aylarındakı sessiyalarımızda idmanın siyasiləşdirilməsini gördük.
"Biz həmçinin bəzilərinin beynində "keçmişdən boykot kabuslarının" peyda olduğunu gördük, ona görə də biz Olimpiya Oyunlarının birləşdirici missiyasının bütün qərar qəbul edənlərə, o cümlədən BMT, G20 liderləri, siyasətçilər və digərlərinə çatması üçün hər şeyi etdik. Biz bütün danışıqlarımızda bu vəzifənin öhdəsindən yalnız Olimpiya Oyunlarının gələ biləcəyini, Oyunların siyasi qarşıdurlamalardan üstün olacağı təqdirdə bəşəriyyəti bütün müxtəlifliyi ilə birləşdirə biləcəyimizi vurğuladıq. Biz onları bu qiymətli missiyanı yerinə yetirməyə çağırdıq, bu mesajın ünvana çatmasına sevinə bilərik, idmançılar qeyri-müəyyənlik içində yaşamalı oldular, amma indi 2022-ci il Olimpiadasında çıxış edəcəklərindən əmin ola bilərlər", - deyə Tomas Bax əlavə edib.
Xatırladaq ki, ötən il dekabrın 6-sı ABŞ Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının diplomatik boykotunu elan edib. Bu, ABŞ rəsmilərinin Çindəki Olimpiadaya getmiyəcəyini, amma idmançıların iştirak edəcəyini nəzərdə tutur. Vaşinqton müttəfiqlərinə planları barədə məlumat verib, Avstraliya, Böyük Britaniya və Kanada ABŞ-ın təşəbbüsünü rəsmi olaraq dəstəkləyiblər. Çin bu qərarı Olimpiya Xartiyasına zidd olan siyasi manipulyasiya adlandırıb və əks tədbirlər görəcəyini açıqlayıb.
Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 4-də keçiriləcək.