...

Azərbaycanda idman uğurla inkişaf edir - Rauf Əliyev

İdman Materials 5 Mart 2022 15:21 (UTC +04:00)
Azərbaycanda idman uğurla inkişaf edir - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il 5 mart Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazanılır. İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Bu barədə cənab Prezident İlham Əliyev demişdir: ”Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman sahəsində nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbətdə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər”.

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. Əgər 2000-ci ildə idmançılarımız Sidney Olimpiyadasında 3 medal qazanmışdılarsa, 2016-cı ildə RİO Olimpiyadasında bu medalların sayı 18-ə çatdı. Azərbaycan komandası medalların sayına görə 206 dövlət arasında 14-cü yeri tutdu. Bakıda 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV- İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olunmuşdu. Bakı şəhəri artıq neçə illərdir ki, izləyici kütləsi 1-2 milyard arasında dəyişən bir yarışa, “Formula- 1” yarışlarına ev sahibliyi edir. Bu yarışın ölkəmiz üçün şox böyük faydası var. Bu yarışlar keçirilən zaman Azərbaycana kütləvi turist axını olmuşdur. Aydın məsələdir ki, bu sadəcə turizm sektorunun deyil, həm də bir çox digər sahələrin daha da inkişafı deməkdir.

İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib, idman mərkəzləri uğurla fəaliyyət göstərir.

İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib.
Azərbaycanın idmanının tarixində ən mühüm hadisələrdən biri də ötən il futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup görüşlərinin üç, dörddəbir finalın isə bir oyununun Bakıda keçirilməsi olub. Bakı bu mötəbər idman yarışına ev sahibliyi edən 12 Avropa şəhərindən biri kimi tarixə düşdü. Bu idman yarışı ölkəmizdə yüksək səviyyədə təşkil edildi.

Bu gün ölkəmizdə idman və bədən tərbiyəsi təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəblər səviyyəsində inkişaf etdirilir. “Bədən Tərbiyəsi və İdman haqqında “ Qanun ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistemliyini təmin edir. Qanunda göstərilir ki, bu sahədə dövlət siyasətinin məqsədi bədən tərbiyəsi və idmanın hüquqi bazasını, bədən tərbiyəsi və idmanın inkişafının təmin edilməsini, yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi-idman təşkilatlarını, uşaq idman müəssisələri sistemini yaratmaqdan ibarətdir.

Bütün bu uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bütünlükdə, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək.

Rauf Əliyev,
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti