...

144 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb

İqtisadiyyat Materials 27 Fevral 2017 11:34 (UTC +04:00)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 28 mart tarixində keçiriləcək yeni hərrac elan edilib.

Komitədən Trend-ə verilən məlumata görə, bu dəfəki hərraca 144 dövlət əmlakı olmaqla, 40 səhmdar cəmiyyəti, 77 kiçik dövlət müəssisə və obyekti, 27 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan 77 kiçik dövlət müəssisəsi və istifadəsiz qeyri-yaşayış obyektlərinin bir qismi altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Suraxanı, Sabunçu, Qaradağ, Yasamal, Binəqədi rayonları, Gəncə və Sumqayıt şəhəri, habelə, Kürdəmir, İmişli, Quba, İsmayıllı, Şəki və Masallı rayonlarında yerləşir. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələri əsasən paytaxtın Binəqədi, Səbail, Yasamal rayonlarında yerləşir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 561 min manata olan qeyri-yaşayış binasıdır. Nəsimi rayonu, Bülbül prospektində yerləşən daşınmaz əmlakın torpaq sahəsi 474,8 kv.m., tikili sahəsi isə 255,5 kv.m.-dir. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 405 min manata Səbail rayonunda qeyri-yaşayış sahəsi, 270 min manata Qaradağ rayonunda Anbar, 369 min manata Sumqayıtda “Laçın” restoranı da var.

Hərraca çıxarılan 27 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur. Portalda nəinki nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətləri barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələri və fotolarla tanış olmaq mümkündür. Bu tarixdə keçiriləcək hərraca 40 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Privatization.az özəlləşdirmə portalına daxil olmaqla bu tarixdə hərraca çıxarılan səhmdar cəmiyyətlərin ünvanları, satışa çıxarılan səhmlərin nominal dəyəri, nizamnamə kapitalının həcmi, satışa çıxarılan səhmlərin ilkin hərrac qiymətləri ilə daha yaxından tanış olmaq olar. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aiddir. Belə iri müəssisələrə “Ağcabədi Aqrotexservis”, “Astara çay 3”, “Kürdəmir Kəndkimya”, “Ağdaş Quşçuluq”, “Beyləqan Sənaye Kombinatı”, “Port İliç Xidmət”, “Masazır Quşçuluq” kimi səhmdar cəmiyyətləri aiddir.

Hər həftə keçirilən belə hərraclara paytaxt Bakı ilə yanaşı, regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, dövlət nəfinə müsadirə edilmiş əmlaklar çıxarılır. Özəlləşməyə çıxarılan müəssisələr sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. İstənilən hüquqi və fiziki şəxs hərraclarda iştirak edib əmlak sahibi ola bilər. Hərracda iştirak edən lakin qalib olmayan şəxs 10 gün ərzində komitəyə müraciət edərək behi geri ala bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti