Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət Miqrasiya Xidmətinin (DMX) işçilərinin maaşları artırılıb, bununla əlaqədar DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaq.
Trend-in məlumatına görə, Nazirlər Kabineti (NK) “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ni təsdiq edib.
NK-nın qərarı ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğləri” təsdiq edilib.
NK qərarında Maliyyə Nazirliyinə DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə əlaqədar cari ilin sonunadək tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini 2019-cu ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirməsini tapşırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq pul təminatının artırılması ilə əlaqədar olaraq DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının əmək Pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən Hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin edəcək.
Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.