...

Ziyad Səmədzadə: Neft gəlirlərinin azalması o demək deyil ki, biz qarşıya qoyduğumuz proqramları icra etməyəcəyik

İqtisadiyyat Materials 25 Aprel 2020 10:22 (UTC +04:00)
Ziyad Səmədzadə: Neft gəlirlərinin azalması o demək deyil ki, biz qarşıya qoyduğumuz proqramları icra etməyəcəyik

Trend-i buradan izləyin

Bakı. Trend:

Koronavirus pandemiyası ilə əlaqədar olaraq dünya bazarında neftin qiymətinin aşağı düşməsi təbii prosesdir.

Ölkələrin hamısı karantin rejiminə keçib. “Evdə qal” kampaniyası o deməkdir ki, bir neçə istiqaməti çıxmaq şərti ilə bir çox istehsal müəssisələri fəaliyyətini dayandırıb. Ölkələr arasında nəqliyyat kompleksi demək olar ki, fəaliyyətsiz qalıb.

Ona görə də iqtisadi əlaqələr xeyli dərəcədə azalıb. Bütün bunların nəticəsində neftə olan tələbat da aşağı düşüb.

Bu, bir həqiqətdir ki, neft həmişə dünya siyasətinin çox mühüm istiqamətlərindən biri olub. Neft hasil edən ölkələrə həmişə təzyiqlər olur. Bu gün pandemiya şəraitində də neft amili siyasi oyunların təsirinə məruz qalır. Neftin qiymətinin daha sürətlə aşağı düşməsini şərtləndirən amillərdən biri iri dövlətlərlə əsas neft ixrac edən ölkələr arasında münasibətlərin tam tənzimlənməməsidir.

Azərbaycanın büdcə gəlirlərinin mühüm hissəsi neftdən gələn gəlir hesabına formalaşır. Bu da təbiidir. Ölkəmiz neft strategiyasının reallaşması nəticəsində öz müstəqilliyini qorudu, iqtisadi təhlükəsizliyini təmin etdi, dayanıqlı inkişaf üçün möhkəm əsaslar yaratdı.

Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, neft məqsəd deyil, vasitədir. Azərbaycan dövləti bu vasitədən məharətlə, uzaqgörənliklə iqtisadiyyatın digər sahələrinin inkişafı, irimiqyaslı sosial layihələrin həyata keçirilməsi üçün məqsədyönlü şəkildə istifadə edir.

Pandemiyanın təsiri nəticəsində dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkəmizin gəlirlərini də azaldır. Amma bizim kifayət qədər valyuta ehtiyatlarımız var. Bu, imkan verir ki, biz heç bir dövlətdən borc almayaq, beynəlxalq təşkilatlara borc üçün müraciət etməyək. Ona görə bizə müəyyən ölkələrin, beynəlxalq təşkilatların təsir imkanları da olmayacaq.

Neft gəlirlərinin azalması o demək deyil ki, biz qarşıya qoyduğumuz proqramları icra etməyəcəyik. Prezident İlham Əliyev dəfələrlə deyib ki, neftin qiymətinin azalması nəticəsində iqtisadiyyatın ahəngdarlığının pozulmasına baxmayaraq heç bir sosial proqramlar ixtisar edilməyəcək.

Əksinə, pandemiya dövründə dövlət əhalinin sosial müdafiəsi, məşğulluğun artırılması üçün əlavə tədbirlər görür. Özünəməşğulluq forması üzrə çalışanların sayının 90 minə catdırılması nəzərdə tutulur. Azərbaycan hökumətinin əhaliyə göstərdiyi maliyyə dəstəyinin həcmi 3 milyard manatı ötəcək ki, bu da dövlət büdcəsinin 12 faizindən çoxu deməkdir.

Hazırda dövlət başçısının tapşırığı ilə hökumət, müvafiq icra strukturları pandemiya ilə əlaqədar iqtisadiyyata dəyən zərərin minimuma endirilməsi ilə bağlı konkret tədbirlər həyata keçirir. Bu kompleks tədbirlər sistemində qeyri-neft sektorunun üstün inkişafı əsas hədəflərdən biri kimi müəyyən edilmişdir.

Bu yaxınlarda Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklər ediləcək.

Bu dəyişikliklərin ana xəttini sahibkarlara edilən güzəştlərin daha da çoxalması, güzəştlərin əhatə dairəsinin genişlənməsi, yerli istehsalın stimullaşdırılması təşkil edir.

Sadələşdirilmiş vergi dərəcəsi azaldılacaq, vergi tətilləri qoyulacaq, borcların birdən-birə alınması mexanizmi aradan qaldırılacaq, girovsuz kreditlər veriləcək.

Ölkə başçısının birbaşa tapşırığına əsasən aqrar sektorda məhsuldarlığın artırılması məqsədi ilə su ehtiyatlarından səmərəli istifadə olunması, ixrac potensialının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.

Son məlumatlara görə, respublikada 1 milyona yaxın fərdi sahibkar var ki, onların əksəriyyəti regionlarda fəaliyyət göstərirlər.

Mikro və kiçik sahibkarlar üçün nəzərdə tutulan dəyişikliklər heç şübhəsiz ki, iqtisadi fəallığı artıracaq ki, bu da bütövlükdə koronavirus bəlasından sonra ölkə iqtisadiyyatının davamlı inkişafının təmin edilməsində əhəmiyyətli rol oynaya bilər.

Ziyad Səmədzadə,

Millət vəkili, Akademik

Məqalədə:
Xəbər lenti

Xəbər lenti