...

Polşa Azərbaycandan qaz tədarükü imkanlarını müzakirə edəcək - Avropa Parlamentinin üzvü (Müsahibə)

İqtisadiyyat Materials 21 İyul 2022 12:21 (UTC +04:00)
Polşa Azərbaycandan qaz tədarükü imkanlarını müzakirə edəcək - Avropa Parlamentinin üzvü (Müsahibə)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avrop İttifaqının (Aİ) üzləşdiyi hazırkı enerji böhranı şəraitində Azərbaycan enerji resurslarının etibarlı təchizatçısı kimi çıxış edir.

Bunu Trend-ə eksklüziv müsahibəsində Avropa Parlamentinin Nəqliyyat və Turizm Komitəsinin üzvü Tomas Pareba deyib.

"Aİ Rusiyanın enerji daşıyıcılarından tamamilə asılı olmaqla çoxlu səhvlərə yol verib və indi vəziyyəti dəyişmək vaxtıdır. Azərbaycan etibarlı tərəfdaş kimi əla seçimdir. Polşa, xoşbəxtlikdən, Aİ-nin üzləşdiyi vəziyyəti qabaqcadan gördü. 2015-ci ildə biz əsasən Danimarka və Norveçdən mayeləşdirilmiş təbii qaz (LNG) boru kəmərlərinin tikintisinə başladıq. Biz qaz limanını da tikdik. Bu gün Polşa Aİ-də Rusiya tədarükündən asılı olmayan yeganə ölkədir. Beləliklə, bu, tədarükün diversifikasiyasına yaxşı bir nümunədir. Azərbaycandan qaz almaq tamamilə unikal imkandır. Cənub Qaz Dəhlizi ilə biz Polşanı həm Baltik boru kəmərimizə, həm də qaz limanımıza asanlıqla birləşdirə bilərik", - Avropa Parlamentinin deputatı deyib.

Deputat qeyd edib ki, “New Direction” analitik mərkəzinin prezidenti kimi bu məsələni Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AİR Mərkəzi) ilə müzakirə etməyi planlaşdırır.

Parlamentarinin sözlərinə görə, Aİ də Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı üzrə səylərini qətiyyətlə dəstəkləyir.

Onun sözlərinə görə, bərpa olunan enerji sektoru, xüsusilə günəş və külək enerjisi Polşada populyar sənaye sahələridir.

Deputat vurğulayıb ki, Azərbaycanda bu sahədə yeniliklərin və inkişafın miqyası onu heyrətləndirib

"Mən ilk dəfədir Bakıya gəlirəm və Azərbaycanın, onun paytaxtının necə inkişaf etdiyi məni heyran edir. Bakı mənim üçün çox əzizdir. Burada Polşa memarlarının irsi var. Kazimej Skoreviç, Yozef Ploşko və Yevgeni Skibinski kimi memarlar Bakıda gözəl binaların layihələndirilməsində öz izlərini qoyublar. Bundan əlavə, Polşa yazıçısı Stefan Zeromskinin “Gələn bahar” romanı var. Romanda Bakıda dinc həyat tapan polyak gəncinin hekayəsi yer alıb. Uzun illərdir ki, Polşa və Azərbaycan arasında yaxın, mehriban münasibətlər davam edir”, - T.Pareba bildirib.

O, Qarabağa səfərindən də danışıb.

"Qarabağda dağıntıların miqyasını görəndə təsirləndim. 30 ildir ki, ermənilərin mövcudluğu Qarabağı dağıdılmış evləri, şəhərləri və kəndləri olan "kabus" bölgəyə çevirib. Ən acınacaqlısı isə oraya döşənmiş milyonlarla minadır. Bu, bərpa işlərini daha da çətinləşdirir. Düşünürəm ki, hər kəs ermənilərin törətdiyi dağıntıların miqyasını öz gözləri ilə görməlidir. Şəxsən mənim üçün bu, çox emosional səfər idi, çünki Polşa da İkinci Dünya Müharibəsində eyni şəkildə tamamilə məhv edilib", - T.Pareba bildirib.

Deputatın sözlərinə görə, Qarabağın bərpası ilə bağlı plan və ideyalar barədə Azərbaycan hökumətinin nümayəndələri ilə çoxlu nikbin və ümidverici danışıqlar olub.

"Məsələn, nəqliyyat əlaqələrinin inkişafı üçün çoxlu imkanlar var. Mən Füzulidə yeni tikilmiş hava limanında oldum və Qarabağda daha iki hava limanı layihələri ilə tanış oldum. Doğrudan da, bu layihələrin nə qədər sürətlə həyata keçirilməsi heyranedicidir". T.Pareba bildirib.

Parlamentari onu da qeyd edib ki, Qarabağın bərpası baxımından və bütövlükdə Azərbaycan üçün bu nəqliyyat əlaqələrinin həlledici əhəmiyyəti var.

"Azərbaycan, xüsusən də Zəngəzur dəhlizi vasitəsilə "Via Carpatia" avtomobil yoluna qoşula bilərdi. Bu, Litva, Polşa, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan və Türkiyəni birləşdirən və 2025-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılan avtomobil yolları şəbəkəsidir. Bu, Azərbaycanı alternativ yolla Avropa ilə birləşdirməyə imkan yaradacaq”, - Deputat bildirib.

T.Pareba qeyd edib ki, Azərbaycan Polşa üçün çox mühüm biznes tərəfdaşıdır:

"Azərbaycan Aİ-dən fərqli olaraq orqanik qida məhsullarına sahibdir. Əgər Azərbaycan GMO olmayan qidaları saxlamağı bacarsa, təkcə Polşa üçün deyil, bütün Avropa üçün çox dəyərli tərəfdaşa çevriləcək. Azərbaycandan Avropaya ekoloji qida məhsulları tədarük edilə bilər. Polşa ilə Azərbaycan arasında təcrübə, bilik və nou-hau mübadiləsinin aparılması da vacibdir. Bundan əlavə, Polşa bu sahədə özünün müasir texnologiyalarını təklif edə bilər”.

Polşalı deputatın sözlərinə görə, elektron ticarət də Azərbaycanda Polşa şirkətləri üçün perspektivli sahədir.

"Mən təhsil sahəsində Azərbaycan-Polşa əməkdaşlığını tam dəstəkləyirəm. Azərbaycan və Polşa universitetləri arasında tərəfdaşlıq daha güclü ola bilər və mən həmkarlarımı bu məsələni qaldırmağa təşviq edəcəm. İnsanlar arasında əlaqələrin qurulmasına çalışmaq vacibdir. Turizm sektoru da bu baxımdan çox önəmlidir. Polşanın LOT aviaşirkətinin Varşavadan Bakıya birbaşa reyslərə başlaması ilə bu əməkdaşlıq genişlənəcək”, - T.Pareba bildirib.

"Ümumiyyətlə, bu gün əməkdaşlığı gücləndirmək üçün əla məqamdır. Polşalı parlamentari kimi mən Polşa və Azərbaycan biznesləri arasında əməkdaşlığın gücləndirilməsi üçün səy göstərəcəyəm. Artıq hökumətlərimiz arasında daimi təmas var. Azərbaycan Polşa üçün çox vacib tərəfdaşdır və heç bir şübhə yoxdur ki, əməkdaşlıq hər iki tərəf üçün səmərəli olacaq”.

Twitter: @mariiiakhm

Məqalədə:
Xəbər lenti

Xəbər lenti