Bakı. Trend:
Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmiz üçün çox əhəmiyyətlidir.
Trend xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan və İran Astarasında ADY tərəfindən qurulmuş və istifadəyə verilmiş terminallar vasitəsiylə yük bazası ildən-ilə artır.
"İran İslam Respublikasında yerləşən terminallarımızda son tikinti işləri bu ilin sonunda tam bitəcək. Beləliklə terminalın ötürücülük qabiliyyəti 4 milyon tona qədər artırılacaq. Bu bizə Şimal-Cənub istiqamətində Avropadan, Rusiyadan və cənub istiqamətindən yük bazasını cəlb etməyə imkan verəcək", - deyə o qeyd edib.
Qeyd edək ki, terminal İranın Astara şəhərində 35 ha ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda yerləşir. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi 25 il müddətinə Azərbaycana icarəyə verilib.