Bakı. Trend:
Qızıl, mis və gümüş hasilatı ilə məşğul olan və əsasən Azərbaycana fokuslanan “Anglo Asian Mining” şirkəti Gilar yatağında ilk filiz hasilatını həyata keçirdiyini açıqlayıb.
Bu barədə Trend şirkətə istinadən xəbər verir.
Şirkətin məlumatına görə, Gilar yatağında 6,10 milyon ton filiz mövcuddur. Burada orta hesabla 0,88% mis (təxminən 54 000 ton) və 1,30 q/t qızıl (255 000 unsiyadan çox) ehtiyatı var.
Martın əvvəlində yataqda ilk filiz – tərkibində orta hesabla 0,65% mis (maksimum 1,63%) və 1,36 q/t qızıl (maksimum 3,27 q/t) olan 1 267 ton filiz hasil olunub. Hazırda mədən tunellərinin tikintisi davam edir və hasil edilən filiz emal prosesinə başlanana qədər anbarlarda toplanacaq.
Şirkət hasilat həcmini artırmağı və yaxın aylarda aylıq 50 000–60 000 ton filiz istehsal həcminə çatmağı planlaşdırır.
Gilar yatağı şirkətin emal müəssisələrindən təxminən 7 kilometr aralıda, Gədəbəy müqavilə sahəsinin şimal sərhədi yaxınlığında yerləşir. Yatağın yeraltı mədənin işlənməsinə 2022-ci ilin sonunda, yatağın cənub hissəsində aparılan qazma işlərinin uğurlu olmasından sonra başlanılıb.
Gilar yatağında iki yeraltı tunel var: gələcək hasilat üçün istifadə olunacaq 1 462 metr uzunluğunda əsas istismar tuneli, və paralel havalandırma tuneli. Hər iki tunelin tikintisi artıq tamamlanıb.