Bakı. Trend:
Ötən il Azərbaycanda sığorta sektorunun inkişaf strategiyası üzrə icra vəziyyəti məlum olub.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra statusuna istinadən xəbər verir.
Belə ki, sığorta sektorunda strategiyanın plan üzrə icra olunan fəaliyyət istiqamətləri 86,2 faiz, gecikən fəaliyyət istiqamətləri isə 13,8 faiz olub.
Bu sektor üzrə əsas nailiyyətlərə “Solvency ll” standartları əsasında risk əsaslı tənzinlənə konsepsiyasının, sığortaçıların ictimaiyyətə açıqlamaları ilə bağlı yeni konsepsiyasının hazırlanması, “Sığortaçılarda korporativ idarəetmə Standartları” və Müstəqil ekspert fəaliyyətinin tənzimlənnəsi barədə qaydaların təsdiq olunması, daşınmaz əmlakın icbari sığortası üzrə risk əsaslı anderraytinq tələbləri üzrə yeni konsepsiyanın hazırlanması daxildir.
Sığorta sektorunda növbəti addım kimi görüləcək işlər kimi könüllü sığortalar üçün icbari sığorta məhsullarının tamamlayıcı təminat olaraq təşviq edilməsi üzrə təkliflərin hazırlanması, sərnişinlərin fərdi qəza sığortası (SFQS) məhsulunun yenidən dizayn edilməsi, sığorta agenti institutunun inkişaf etdirilməsi istiqamətində yeni konsepsiyanın hazırlanması, könüllü sığorta sinifləri üzrə şərtlərin müəyyənləşdirilməsi, daşınnaz əmlakın icbari sığortası üzrə qanunvericiliyə dəyişiklik layihəsinin hazırlanması, eləcə də “Sığortaçılarda korporativ idarəetnə Standartları”nın tətbiqi və monitorinqi istiqamətində fəaliyyətin aparılması müəyyən edilib.
Sözüqgedən sektorda gecikən fəaliyyət istiqamətləri kimi bank-sığorta tərəfdaşlığı ("Bancassurance") məhsulları üzrə təkliflərin hazırlanması, müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsi üzrə qaydaların yenilənməsi, eləcə də Həyatın Yaşam Sığortası məhsulunun yenidən dizayn edilməsi qeyd edilib.
Qeyd edək ki, Strategiyada sürətli inkişaf mərhələsində olan sığorta sektoru üzrə vasitəçi və satış kanallarının (sığorta agentləri və brokerləri daxil olmaqla) genişləndirilməsi, könüllü və icbari sığortanın təşviqi, sığorta məlumat və monitorinq mərkəzinin yaradılması, eləcə də korporativ idarəetmənin gücləndirilməsi və risk əsaslı prudensial tənzimləmənin həyata keçirilməsi nəzərdə tutulub. Sığorta sektoru üzrə əsas strateji hədəflər, sığorta təminatını genişləndirmək və istehlakçı hüquqlarını effektiv müdafiə etməklə, sığortaya olan inam indeksinin 66%-dən 80%-ə yüksəldilməsini və sığortaçıların ödәmә qabiliyyәtinin artırılması ilə yanaşı, adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılmasını əhatə edir. Bu kompleks yanaşma riskləri effektiv idarə etməklə iqtisadi artımı dəstəkləmək məqsədi daşıyır.