Bakı. Trend:
Dünya Bankı tərəfindən 2025-ci il üzrə “Business Ready” (B-READY) hesabatı açıqlanıb. Azərbaycan ilk dəfə qiymətləndirildiyi bu hesabatda ölkənin maliyyə xidmətləri sahəsində əldə etdiyi yüksək nəticələr qeyd olunub. Belə ki, Azərbaycan “maliyyə xidmətləri” komponenti üzrə mümkün 100 baldan 87.2 bal toplayaraq qiymətləndirmədə yer alan 101 ölkə arasında 1-ci pillədə qərarlaşıb.
Bu barədə Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qiymətləndirmədə ballar 0-100 intervalında verilib. Bu göstərici
tənzimləyici çərçivə, ictimai xidmətlər və əməliyyat səmərəliliyi
kimi üç altgöstəricidən formalaşıb. Altgöstəricilərdən olan
tənzimləyici çərçivə 94,1 bal, ictimai xidmətlər 89,8 bal və
əməliyyat səmərəliliyi isə 77,5 bal olaraq qiymətləndirilib.
Qeyd edək ki, “Business Ready” hesabatı Dünya Bankı tərəfindən
hazırlanmış beynəlxalq müqayisəli qiymətləndirmə layihəsidir.
Hesabatda qiymətləndirmə biznesin açılması, fəaliyyət göstərməsi
(və ya genişləndirilməsi) və bağlanması (və ya yenidən təşkili)
zamanı şirkətin həyat dövrünü və bazarda iştirakını təşkil edən on
mövzu üzrə aparılır. Hər mövzu üzrə bal tənzimləyici çərçivə,
ictimai xidmətlər və əməliyyat səmərəliliyi kimi üç altgöstəricinin
qiymətləndirilməsindən formalaşır. Qiymətləndirilən on mövzudan
biri də maliyyə xidmətləridir.
2024-cü ildən etibarən açıqlanan hesabat dünyanın əksər
iqtisadiyyatlarını əhatə etməklə, özəl sektorun inkişafı baxımından
biznes mühitinin kəmiyyət əsaslı qiymətləndirilməsini təqdim edir.
Hesabat çərçivəsində tənzimləyici mühit, şirkətlər və bazarlar üçün
nəzərdə tutulmuş dövlət xidmətlərinin əlçatanlığı, eləcə də bu
xidmətlərin əməliyyat səmərəliliyi nəzərə alınır.
Cari hesabatda 101 iqtisadiyyat üzrə biznesə hazırlıqla bağlı rəsmi
məlumatlar təqdim olunub. Sənəddə qeyd edilib ki, 2026-cı ilin
sonunadək 164 ölkənin qiymətləndirilməsi nəzərdə tutulur.
Hesabatla ətraflı tanış olmaq üçün müvafiq keçidə daxil olmaq
mümkündür:
