...

Azərbaycan standartlaşdırma sahəsində əməkdaşlıq barədə Almaniya və İsraillə müqavilə imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2007 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Almaniya və İsraillə standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq barədə ikitərəfli müqavilə layihəsi hazırlayır. Bunu çərşənbə axşamı Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Sabiq Abdullayev söyləyib.

Sənədi imzalamaqla, ölkələr bir-birinin mal və məhsullarının uyğunluq sertifikatının tanınması, birgə layihələrin həyata keçirilməsi yolu ilə əməkdaşlığın genişləndirilməsi, müxtəlif proqram və layihələrin həyata keçirilməsinə yardım edəcəklər.

Bu il Dövlət Agentliyi Tacikistan, Belarus və İordaniya ilə bu cür sənəd imzalayıb və Türkmənistana müqavilə layihəsi təqdim olunub.

Abdullayev sənədlərin nə vaxt imzalanacağını söyləməkdə çətinlik çəkib.

Dövlət Agentliyinin, təqribən 15 ölkə ilə əməkdaşlıq barədə müqaviləsi var.

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Azərbaycan prezidentinin 27 dekabr 2001-ci il sərəncamı ilə yaradılıb.

Agentlik standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Xəbər lenti

Xəbər lenti