...

Neftin qiymətinin bahalaşması ABƏŞ-dən dövlət büdcəsinə vergi daxilolmalarının artmasına təsir edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2010 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı 4 may /Trend, müxbir İ.Xəlilova/

2010-cu ilin birinci rübündə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) dövlət büdcəsinə 160,4 milyon manat mənfəət vergisi daxil olub ki, bu da illik proqnozun 48,6 faizini təşkil edir. Bu barədə çərşənbə axşamı ölkə hökumətindən məlumat verilib. ABƏŞ Azeri Light markalı neftin çıxarıldığı Azərbaycanın "Azəri-Çıraq-Günəşli" iri neft yataqları blokunun operatorudur.

"Neftin qiymətinin bahalaşması podradçı neft şirkətlərindən daxilolmaların artmasına təsir edib, belə ki, ayrılan tranşlar neftin bir barelinin 45 dollara olan qiymətindən hesablanır. Halbuki, birinci rübdə orta qiymət 75 dollar olub", - hökumətdəki mənbə məlumat verib.

2009-cu ilin analoji dövründə ABƏŞ xətti ilə daxilolmalar 105 milyon manat səviyyəsində olub. 2008-ci ilin birinci rübündə isə daxilolmalar 555 milyon manat təşkil edib. Ötən il dünyada neftin qiymətlərinin azalması (demək olar ikiqat), eləcə də hasil olunan neftdə xarici podratçı şirkətlərin payının 70 faizdən 20-dək azalması ötən il dövlət büdcəsinə daxilolmaların həcminin azalmasına təsir edib.

2009-cu ildə dövlət büdcəsinə mənfəət vergisindən daxilolmalar bu xətt üzrə 1,23 milyard manatlıq proqnozlara qarşı 513,2 milyon manat təşkil edib. 2008-ci illə müqayisədə daxilolmalar 76,1 faiz və ya 1636,2 milyon manat olub. 2007-ci ilin yekunları üzrə podratçı şirkətlərdən daxilolmalar 2,5 milyard manatı ötüb, 2010-cu ildə isə 330 milyon manat səviyyəsində müəyyən edilib.

Dünyadakı proseslər, neftin dünya qiymətləri konyukturlarının dəyişkənliyi nəzərə alınmaqla, əsasında 2010-cu ilin icmal büdcəsinin, dövlət büdcəsinin proqnozlarının formalaşdırıldığı qiymət proqnozları 2009-cu ildə 70 dollardan bir barel üçün 45 dollaradək azaldılıb.

2007-ci ildə bütün markalar üzrə neftin qiyməti bir barel üçün 82-85 dollar civarında saxlanılıb, 2008-ci ildə isə bir bareli 147 dollara çatıb. 2009-cu ildə neftin qiymətinin müəyyən qədər azalmasından sonra (bəzən bir bareli 40 dollardan aşağı olub), ilin sonunda yenidən artmağa başlayıb və Azeri Light-ın qiyməti 70 dollara çatıb.

Azeri Light markalı neftin yüksək qiyməti və 2008-ci ildən neftdən gələn mənfəətin Azərbaycan hökuməti ilə xarici podratçı şirkətlər arasında bölünməsi qaydasında dəyişikliklər Azərbaycan Dövlət Neft Fondunun gəlirlərinin üçqat artmasına səbəb olub. 2008-ci ildən Azərbaycan hökuməti ilə xarici podratçı şirkətlər arasında mənfəətin bölünməsi qaydası 30/70 faizdən 80/20-dək dəyişib.

2010-cu ildə neft sektorunda artım templəri 8,3 faiz səviyyəsində proqnozlaşdırılır. Bu il Azərbaycanda neft hasilatının həcmi ildə 53,3 milyon ton həcmində proqnozlaşdırılır. Bu həcmdən 44,8 milyon ton "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan Azeri Light markalı neftin payına düşür, 8,5 milyon ton isə ARDNŞ tərəfindən şirkətin öz vəsaitləri hesabına qurudakı və dənizdəki yataqlardan hasil olunacaq.

Mayın 4-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti