...

Azərbaycan əhalisinin say tərkibi ilin ilk yarımilində 50 min nəfər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2010 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Ü.İsmayılova/

İyulun 1-nə olan vəziyyətə görə, Azərbaycan əhalisinin say tərkibi 50 min nəfər artaraq, 9,047 milyon nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin cümə günü yayılan məlumatında deyilir.

"Ölkə əhalisinin 54 faizi şəhərdə, 46 faizi isə kəndlərdə yaşayır", - məlumatda qeyd olunur.

Məlumatda o da qeyd olunur ki, Azərbaycan əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar, 22 faizini 14 yaşadək uşaqlar, 71 faizini 15 yaşdan 64 yaşadək şəxslər, 7 faizini 65 yaşdan yuxarı şəxslər təşkil edir. Ölkə əhalisinin 31 faizini 14-29 yaşlı gənclər təşkil edir.

İlin ilk yarımilində Azərbaycanda 76,3 min uşaq doğulub, bu isə gündə, orta hesabla, 421 uşaq deməkdir. Ötən ilin analoji dövründə yenidoğulanların göstəricisi hər 1 000 nəfərə 16,3-dən 17,2-dək artıb.

Yanvar-iyunda Azərbaycanda 32,6 min nikah bağlanıb, 4,2 min isə nikah pozuntusu qeydə alınıb. Ötən ilin müvafiq göstəricisində bağlanan nikahlar üzrə göstərici 1 000 nəfərə 7,3-dən 7,4-dək artıb. Nikahların pozulması üzrə göstərici dəyişməz qalıb.

İlk dəfə nikah bağlayan kişilərin yaş həddi 27 yaş, qadınlarınkı isə 23 yaş təşkil edib.

Yanvar-iyunda Azərbaycan daxili işlər orqanlarına ölkədə daimi yaşamaq məqsədilə 1,1 min nəfər, ölkədən getmək üzrə isə 0,4 min nəfər müraciət edib.

Xəbər lenti

Xəbər lenti