...

BP şirkəti BTC və Cənubi Qafqaz boru kəməri yaxınlığında yaşayan sakinlərin davamlı inkişafı üzrə layihələri davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2010 19:54 (UTC +04:00)
BP şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG), "Bakı-Tbilisi-Ceyhan (BTC), "Şahdəniz", "Cənubi Qafqaz" boru kəməri layihələri üzrə tərəfdaşları ilə yaxın vaxtlarda Goranboy rayonunda istixana təsərrüfatının tikintisi məqsədilə yeni ictimai layihənin həyata keçirilməsinə başlayıb.
BP şirkəti BTC və Cənubi Qafqaz boru kəməri yaxınlığında yaşayan sakinlərin davamlı inkişafı üzrə layihələri davam etdirir

Azərbaycan, Bakı, 15 iyul /Trend/

BP şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG), "Bakı-Tbilisi-Ceyhan (BTC), "Şahdəniz", "Cənubi Qafqaz" boru kəməri layihələri üzrə tərəfdaşları ilə yaxın vaxtlarda Goranboy rayonunda istixana təsərrüfatının tikintisi məqsədilə yeni ictimai layihənin həyata keçirilməsinə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.

Layihənin başlıca məqsədi BTC və Cənubi Qafqaz boru kəməri yaxınlığında yaşayan sakinlərin davamlı iqtisadi inkişafına kömək göstərməkdir.

Layihə boru kəməri yaxınlığında yerləşən dörd kəndi (Nadirkənd, Cinli Borsunlu, Əzizbəyov, Yolpaq) və bir qəsəbəni (Qazanbulaq) əhatə edəcək.

"Layihənin həyata keçirilməsi sakinlərin tərəvəz tumları, 27 istixana və müvafiq avadanlıqla təminatını nəzərdə tutur ki, bu da xeyli mənfəət gətirəcək. Layihə sakinlərinin təsərrüfat idarəçiliyi üzrə biliklərin əldə edilməsini də nəzərdə tutur. Bu məqsədlə istixanaların tikintisi, istixana təsərrüfatının yaradılması, tinglərin yetişdirilməsi, gündəlik işlərin tənzimlənməsi və biznes-planın işlənib hazırlanması mövzularına həsr olunan treninqlər təşkil ediləcək. Treninq-kurslar aşağıdakı sahələri də əhatə edəcək: istixanalarda yetişdirmək üçün daha əlverişli bitki növlərinin seçilməsi, zərəvericilərlə mübarizə və torpaqların gübrələnməsi", - BP şirkətinin davamlı inkişaf təşəbbüsü üzrə meneceri İbrahim İsmayılov deyib.

Layihənin reallaşdırılması sakinlərin gəlirlərini yeni təsərrüfatların yaradılması və məhsuldarlığın artırılması sayəsində yüksəltməyə imkan verəcək, istixana təsərrüfatı sahəsində bilikləri artıracaq, bazar imkanlarını və biznesin idarə edilməsində fermerlərin texniki biliklərini genişləndirəcək.

Layihənin ümumi dəyəri 196 min dollar təşkil edir. Bunun 171 min dollardan çoxu BP və onun layihə üzrə tərəfdaşlarının üzərinə düşür. Qalan 25 min dollar sakinlərin hesabına maliyyələşəcək.

Layihə iyunda başlayıb. Onun həyata keçirilməsi 2011-ci ilin noyabr ayınadək davam edəcək.

Layihə 1996-cı ildə yaradılan Gəncənin Aqrobiznes Assosiasiyası qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilir. Təşkilat BP və onun tərəfdaşlarının BTC və Cənubi Qafqaz boru kəmərinin keçdiyi ərazilərin davamlı inkişaf təşəbbüsü çərçivəsində keçirilən müsabiqə əsasında seçilib.

Xəbər lenti

Xəbər lenti