...

Azərbaycan bankı "Rabitəbank" Frankfurt Maliyyə və Menecment Məktəbinin texniki dəstək proqramının ikinci mərhələsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2010 20:33 (UTC +04:00)
Azərbaycan bankı "Rabitəbank" Frankfurt Maliyyə və Menecment Məktəbinin (Frankfurt School of Finance & Management) həyata keçirdiyi texniki dəstək proqramının ikinci mərhələsinə başlayıb.
Azərbaycan bankı "Rabitəbank" Frankfurt Maliyyə və Menecment Məktəbinin texniki dəstək proqramının ikinci mərhələsinə başlayıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Azərbaycan bankı "Rabitəbank" Frankfurt Maliyyə və Menecment Məktəbinin (Frankfurt School of Finance & Management) həyata keçirdiyi texniki dəstək proqramının ikinci mərhələsinə başlayıb. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.

"Proqramın ikinci mərhələsində bankda kreditlərin verilməsi prosesini optimallaşdırmaq, əməliyyat və bazar risklərinin təhlili üçün lazımi infrastruktur yaratmaq, kredit risklərinin idarə olunması, məhsulların yaradılması prosesi və daxili auditin funksiyasını təkmilləşdirmək kimi işlər nəzərdə tutulub", - məlumatda deyilir.

Qeyd olunan layihə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "Rabitəbank"a ayırdığı texniki dəstək proqramı çərçivəsində həyata keçirilir. Frankfurt Maliyyə və Menecment Məktəbi AYİB-in texniki dəstək proqramının icraçısı seçilib və 2010-cu ilin may ayında Frankfurt Məktəbinin ekspertləri bankda layihənin icrasına başlayıblar. Texniki yardım layihəsinin əsas məqsədi "Rabitəbank"da risklərin idarə olunması, daxili audit və kiçik və orta sahibkarlığın kreditləşdirilməsi sahələrində işin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Layihə qeyd olunan sahələrdə beynəlxalq təcrubəyə malik olan məsləhətçi ekspertlər tərəfindən həyata keçirilir.

Frankfurt Maliyyə və Menecment Məktəbi maliyyə və bank işi sahəsində 50 ildən çox təcrübəyə malik olan Almaniyanın ən böyük biznes məktəblərindən biridir. Frankfurt Məktəbi "Deutsche Bank AG", "Commerzbank AG", "BHF-Bank AG" bankları daxil olmaqla Almaniyanın aparıcı bankları tərəfindən idarə olunur. Məktəbin Məsləhətçi Xidməti 15 ildən artıqdır fəaliyyət göstərir və dünyanın bir neçə ölkəsində maliyyə sektorunun gücləndirilməsi sahəsində uğurlu layihələri həyata keçirib.

"Rabitəbank" Azərbaycanın bank bazarında 1993-cü ildən fəaliyyət göstərir. 2010-cu ilin üçüncü rübünün sonuna "Rabitəbank"ın aktivləri 116 milyon manat, kapitalı isə 16 milyon manat təşkil etmişdir. Bankın filial şəbəkəsi 6-sı Bakıda, 14-ü regionlarda olmaqla 20 filial və şöbədən ibarətdir.

Oktyabrın 11-nə olan rəsmi məzənnə 0,8020 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti