Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda yeni qızıl və platin yataqları aşkar edilib. Bu barədə şənbə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
"Geoloqlarımız tərəfindən aparılan işlərin nəticəsində zəngin qızıl yatağı aşkar edilib. Son məlumatlara görə, Şəmkir rayonu ərazisində platin və digər qiymətli metalların olduğu yataqlar var. Bu, konkret töhfədir. Bu sərvətlər tapılıb və gələcəkdə onlar Azərbaycana çoxmilyonlu gəlirlər gətirəcək", - o, qeyd edib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-noyabr aylarında ölkədə 1,7 ton qızıl və bir ton gümüş hasil edilib.
"Anglo Asian Mining PLC" şirkəti 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanan PSA tipli məhsulun pay bölgüsü sazişi əsasında Azərbaycanın cənub-qərbində yerləşən altı - "Gədəbəy", "Ordubad", "Qoşa Bulaq", "Qızıl Bulaq", "Vejnəli" və "Söyüdlü" yataqlarının işlənməsi hüququna malikdir. Müqaviləyə əsasən, yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək planlaşdırılır.
İlk qızıl və gümüş 2009-cu ilin mayında "Gədəbəy" yatağından hasil edilib. Ümumilikdə, 2015-ci ilədək "Gədəbəy" yatağından 300 min unsiya qızılın hasil edilməsi planlaşdırılır.