Azərbaycan, Bakı, 3 avqust /Trend/
Dünyanın ən böyük və nüfuzlu auditor şirkətlərindən biri olan "Deloitte & Touche CIS" "Azərbaycan Beynəlxalq Bankı-Moskva" bankının ("ABB-Moskva") 2010-cu il üzrə beynəlxalq maliyyə hesabatlılığı əsasında tərtib edilmiş maliyyə hesabatını təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə ABB-nin çərşənbə günü yaydığı məlumatda deyilir.
2010-cu ildə "ABB-Moskva" bankının bütün maliyyə göstəriciləri yaxşılaşıb. Maliyyə hesabatına əsasən, 2010-cu ildə Bankın aktivləri 3 479,6 milyon rubl və ya 24,4% artaraq ilin axırında 17 767,8 milyon rubl olub. Bu göstəricilər "ABB-Moskva"nın şaxələnmiş biznes modelinin qurulması üçün apardığı məqsədyönlü siyasətin nəticəsidir - bunun sayəsində ayrı-ayrı müştəri və müştəri qruplarından və ya onların fəaliyyət sahəsindən asılılıq riski maksimum azalır.
2010-cu ilin sonuna bankın xalis aktivləri 1 123,9 milyon rubla çatdırılıb.
Bazarın korporativ seqmentinə istiqamətlənməsi və biznesin aktiv inkişafı banka kreditlərin həcmini artırmağa imkan verib. Keçən il bankın kredit portfeli 24,5% artaraq 11 824,9 milyon rubla çatıb, onun ümumi aktivlərdə payı 66,5% təşkil edib. Kredit portfelində hüquqi şəxs olan müştərilərin payı 90%-dir.
Hesabat dövrü ərzində "ABB-Moskva"nın müştərilərinin artım dinamikası da yaxşı olub ki, bu da onların banka inamının göstəricisidir. Auditor rəyinə əsasən, müştərilərin hesablarındakı vəsaitlər 31,9% artaraq ilin sonunda 5 119,1 milyon rubl təşkil edib. Bankın hesablarında korporativ müştərilərin pul vəsaitlərinin həcmi 2 927 milyon rubl (ötən illə müqayisədə 6,5% artıb), pərakəndə müştərilərin pul vəsaitləri isə 2 192 milyon rubl (93,2% artım) təşkil edib.
Ötən il ərzində bankın faiz gəlirləri 51,8% artaraq 1 899,1 milyon rubl, qeyri-faiz gəlirləri isə 32% artaraq 198 milyon rubla çatıb. Gəlirlərin strukturu bankın kredit əməliyyatlarına yönəldiyini göstərir. Eyni zamanda, bank daima faiz və komission gəlirlərinin balanslaşdırılmasına çalışır. Keçən il bankın təmiz mənfəəti 53,2% artaraq 54,7 milyon rubla (vergitutmaya qədər - 106,7 milyon rubl) çatıb.
"ABB-Moskva" həmçinin banklararası kredit bazarının aktiv operatorudur. Hesabat ilində bankın banklararası kredit bazarında cəlb etdiyi kreditlərin həcmi 36,1% artaraq 11 445 miylo. rubla çatıb. O cümlədən ötən il 15 milyon dollar həcmində vəsaitin cəlb olunması üçün klub müqaviləsi bağlanıb. Bu müqavilənin iştirakçıları "Raiffeisen Zentral Bank Osterreich AG", "Rayffayzenbank" QSC, OTP "Bank Plc", "OTP Bank" ASC olub.
Keçən il bank Rusiya və Azərbaycan arasında ümumi məbləği 106 milyon dollar olan 115 min pul köçürmələri həyata keçirib. Bankın "Visa" və "MasterCard" sistemləri üzrə kart emissiyası 26 minə çatıb. Cari ilin yanvarın 1-dək plastik kartlara xidmət üçün bank 173 POS-terminal və 40 bankomat quraşdırıb. Həmçinin, bankın satış şəbəkəsinə 2 filial, Sankt-Peterburq və Yekaterinburq şəhərlərində əlavə ofislər, eləcə də Moskvada 8 bölmə daxildir. Ümumilikdə bankın xidmət məntəqələrinin sayı 14-ə yüksəlib. Hazırda bankın planlarına potensial müştərilərinin çox olduğu ərazilərə, ilk növbədə, Moskva regionu və Rusiyanın Avropa hissəsinə genişlənmək daxildir.