...

Azərbaycanda bank sirri vergi məqsədləri üçün ləğv edilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2011 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Vergilər Nazirliyi vergi orqanlarının məlumatalma zərurəti qarşısında bank sirrinin ləğv edilməsini məqsədəuyğun hesab edir. Trend-in məlumatına görə, bunu cümə günü nazir müşaviri Asəf Əsədov Mühasib və Auditorların III Avrasiya Forumunda deyib.

"Əksər inkişaf etmiş ölkələrdə vergi orqanları qarşısında məlumatalma məsələsində heç bir maneə yoxdur", - o bildirib.

Onun sözlərinə görə, məsələn, 27 Aİ ölkəsindən 23-də bank sirri ləğv olunub. "Digər ölkələr də öz qanunvericiliklərini vergi məqsədləri ilə bağlı məlumatalma imkanlarını təşkil etmək üçün dəyişməyə çalışır. Xarici ölkələrin təcrübəsi göstərir ki, vergilərin dəqiq hesablanması üçün vergi orqanlarının müxtəlif mənbələrdən məlumat alması üçün şərait yaradılmalıdır", - Əsədov deyib.

Mart-aprel aylarında Niderlandın müvafiq vergi idarəsi ilə müştərək həyata keçirilən elektron audit sisteminin tətbiqi üzrə tvinninq-layihə çərçivəsində Azərbaycan Vergilər Nazirliyi e-audit sahəsində bir sıra Avropa ölkələrinin təcrübəsini öyrənib. Onun sözlərinə görə, aparılan tədqiqatlar əsasında elektron auditə aid Vergi Məcəlləsinə əlavə və dəyişikliklər haqqında təkliflər layihəsi hazırlanıb.

"Mühüm məsələlərdən biri də vergiödəyicinin vergi orqanlarına doğru məlumat təqdim etməsinə dair məsuliyyətin təyin olunmasının vacibliyidir. Bununla bağlı olaraq, qeyri-tam və ya təhrif olunmuş məlumat təqdim etməyə görə maliyyə sanksiyalarının tətbiq olunması nəzərdə tutulur", - o deyib.

Nazirlik iluyda layihənin ikinci hissəsinin tətbiqinə başlayıb. 2013-cü ilə qədərki dövr üçün nəzərdə tutulan layihə altı hissədən ibarətdir. İkinci hissə elektron audit aparma üçün proqram təminatının seçimini nəzərdə tutur. Bu məqsədlə Azərbaycan nümayəndə heyəti Avstriya və Niderlanda səfər edib və bu ölkələrin vergi idarələrinin ekspertləri nümayəndə üzvləri üçün ACL proqram təminatını təqdim ediblər.

Proqram təminatının öyrənilməsinin asanlaşdırılması məqsədilə yeni ACL-Mentor proqramı hazırlanıb. Həmçinin, Almaniyanın DATEV şirkəti ilə birgə istifadəsi sadə olan və elektron audit məqsədlərinə uyğun yeni interfeys hazırlanıb.

Elektron audit vergiödəyicilərin hüquqlarının himayəsinə yönəldilib. Onun tətbiqi üçün avtomatlaşdırılmış məlumat sistemi olmalıdır. Nazirlikdə olan hazırkı sistem elektron audit aparmaq üçün bütün imkanlara malikdir.

Tvinninq-layihə iki il müddətinə nəzərdə tutulub, artıq onun bütün mərhələləri üzrə konkret tədbirlər planı hazırlanıb. Onların birincisi kadr hazırlığıdır. Elektron audit sisteminin tətbiqi səyyar yoxlanışların sayını 90 faiz azaltmağa imkan verir.

Xəbər lenti

Xəbər lenti