...

Saatlı şəhərinin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2012 17:50 (UTC +04:00)
Bu gün Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilib.
Saatlı şəhərinin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılacaq (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend/

Bu gün Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

ASC-nin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu rayonda yenidənqurma işləri Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində həyata keçiriləcək.

Təməlqoyma mərasimində çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramının tərkib hissəsi olan bu layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacağını söyləyib.

"Saatlı şəhəri və ətraf kəndlərdə istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının aparılması üçün Kür Sutəmizləyici Qurğular Kompleksindən çəkiləcək yeni magistral kəmərlə rayona saniyədə 80 litr su ötürüləcək. Halbuki indiyə qədər Saatlı sakinləri Araz çayından götürülən suyu istehlak edirdi. Gələcəkdə bu gün təməli qoyulan layihəni əhatə edən kəndlərdən əlavə, digər yaşayış məntəqələri də keyfiyyətli su ilə təmin olunacaq", - o deyib.

"Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi Saatlı şəhərində 21 312, Bəylik, Qıraqlı, Mustafabəyli kəndlərində isə 17 219 nəfər olmaqla, ümumilikdə 38 531 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.

Layihənin həyata keçirildiyi yaşayış məntəqələrində yüksəksıxlıqlı polietilen borulardan 120,5 km uzunluğunda içməli su və 139,7 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 3170 ünvanda qoşulma işləri aparılacaq, 395 yanğın hidrantı quraşdırılacaq. Fasiləsiz su təchizatının aparılması üçün tutumu 3100 kubmetr olan su anbarı inşa ediləcək, yaranacaq çirkab sular kənarlaşdırılarkən özüaxımlı rejimi təmin etmək üçün mikrotuneldən istifadə olunacaq. Çirkab suları emal edib zərəsizləşdirmək üçün Saatlıda məhsuldarlığı sutkada 6500 kubmetr olan çirkab sutəmizləyici qurğu da inşa olunacaq.

Layihə çərçivəsində gələcəkdə Əlisoltanlı, Mollavəzli, Bəylər və Potubəyli kəndlərinin də içməli su ilə təmin edilməsi imkanları nəzərdən keçirilir. Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi layihə üzrə işlərin 2014-cü ilin ikinci rübünə qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" 4 rayonda (Şamaxı, Qəbələ, Sabirabad və Saatlı) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti