Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Maksim Tsurkov/
Azərbaycanda kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi haqqında yeni qaydalar tətbiq edilib. Həmin qaydalara əsasən, icazə əvvəlki kimi qeyri-müəyyən müddətə veriləcək.
Trend-in məlumatına əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 10 dekabr 2014-cü il tarixli qərarı ilə təsdiq etdiyi qaydalar Hüquqi Aktlarının Dövlət Reyestrinin saytında dərc olunub.
Qaydalara əsasən, lisenziyalaşdırma şərtləri genişləndirilib. Lisenziya almaq üçün kredit ittifaqında daxili auditor, eləcə də İdarə Heyətinin üzvləri ali təhsilə və ən azı bir il iş təcrübəsinə, yaxud tam orta və ya orta ixtisas təhsilə və ən azı üç il iş təcrübəsinə, maliyyə hesabatlarının hazırlanmasına məsul İdarə Heyətinin üzvü isə ali təhsilə və mühasibatlıq sahəsində ən azı bir il iş təcrübəsinə, yaxud tam orta və ya orta ixtisas təhsilə və mühasibatlıq sahəsində ən azı üç il iş təcrübəsinə malik olmalıdırlar.
Lisenziyada aşağıdakılar göstərilir: lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi, lisenziya verən orqanın adı və hüquqi ünvanı, lisenziya verilən kredit ittifaqının adı və hüquqi ünvanı, lisenziyanın qeyri-müəyyən müddətə verilməsi barədə qeyd, həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü. Lisenziya Mərkəzi Bankın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
Sənəddə, həmçinin lisenziyanın dayandırılması və ləğv edilməsi qaydaları göstərilib. Azərbaycan Mərkəzi Bankı lisenziyanın fəaliyyətini kredit ittifaqının müraciəti ilə və kredit ittifaqı müflis elan edildikdə dayandırır.
AMB lisenziyanı aşağıdakı hallarda ləğv edir: kredit ittifaqının müraciəti ilə, lisenziya alınması üçün təqdim olunmuş məlumatların yanlış olduğu aşkar edildikdə, kredit ittifaqı lisenziyanı aldığı gündən başlayaraq bir il müddətində bank fəaliyyətini həyata keçirmədikdə, yaxud bank fəaliyyətini bir il müddətinə dayandırıldığı müəyyən edildikdə, kredit ittifaqı tərəfindən hesabatlar iki hesabat tarixinə Mərkəzi Banka təqdim olunmadıqda və ya illik kənar audit keçirilmədikdə, kredit ittifaqının təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsi müəyyənləşdirildikdə, kredit ittifaqının üzvlərinin sayı azaldığı halda 3 ay ərzində onların sayı 11-ə çatdırılmadıqda, kredit ittifaqının nizamnamə kapitalının məbləği Mərkəzi Bank tərəfindən müəyyən edilmiş minimum məbləğdən az olduqda, kredit ittifaqı "Kredit ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş prudensial normativ və tələbləri (nizamnamə kapitalının minimum məbləğinə dair tələb istisna olmaqla) və ya "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri ilə bağlı fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl etmədikdə, məhkəmənin müvafiq qərarı olduqda, kredit ittifaqı ləğv edildikdə.
Kredit ittifaqı lisenziyanın alınması üçün təqdim edilmiş məlumat və sənədlərdə edilən dəyişikliklər barədə 5 iş günü müddətində müvafiq sənədləri əlavə etməklə Mərkəzi Banka yazılı məlumat göndərməlidir.
Qərar 2014-cü il dekabrın 31-dən qüvvəyə minib.