Azərbaycan, Bakı, 30 mart, /Trend/
"Bank Technique"nin yeni əmanəti valyuta risklərini sığortalayır
Trend xəbər verir ki, "Bank Technique" yeni məhsulunu - "Sığortalı+" depozitini təqdim edir.
Bankın sığortalı depozit növlərinə aid edilən bu yeni əmanət növü mümkün valyuta risklərinin qarşılanması ilə seçilir. Bank əmanətçilərə manat vəsaitlərini və faizlərini müddətin sonunda istər yerləşdirildiyi kimi manatda, istərsə ABŞ dollarında yerləşdirmə gününün məzənnəsi ilə götürmək imkanını yaradır. Bu zaman bütün mümkün valyuta risklərini bank üzərinə götürür, müştəri isə bütün məzənnə dəyişikliklərindən sığortalanır və dollarla yatırılmış əmanətlə müqayisədə daha böyük gəlir əldə edir.
"Yeni məhsulumuz ilk növbədə müştərilərimizin razılığına və arxayınlığına yönəlib. Hər bir əmanətçi müddətin sonunda vəsaitlərini və gəlirini manat və ya yerləşdirdiyi günün məzənnəsi ilə ABŞ dollarında götürə biləcək". Bu barədə bankın Baş direktoru Kamran Axundov məlumat verib.
Qeyd edək ki, "Sığortalı+" depoziti Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Əmanət müddəti 1 il olmaqla, minimal məbləğ 5 min manat, illik faiz dərəcəsi 8% təşkil edir. Üçüncü şəxsin xeyrinə də açıla biləcək depozit üzrə vəsaitlərini yerləşdirən müştərilərə "Bank Technique"in plastik kartı və səyahət sığortası paketi hədiyyə olunur.
Məlumat üçün:
1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.
Hazırda "Bank Technique"in 29 filial və 30 şöbəsi Bakı, Abşeron, Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Tovuz, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.
Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.