Bakı. Trend:
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində keçirilmiş iqtisadiyyat sahəsi üzrə seksiyada bir sıra məsələlər, o cümlədən quşçuluq sahəsi ilə bağlı təkliflər səsləndirilib. Bu sahədə mövcud vəziyyətin təhlil edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində quşçuluq təsərrüfatlarının rəhbərləri ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısı tərəfindən konfransda digər sahələrlə yanaşı, quşçuluğun inkişafı, quş əti istehsalının artırılması, istehsalda xarici komponentlərin azaldılması və beləliklə maya dəyərinə xarici təsirlərin minimuma endirilməsi, tələbatın yerli istehsal hesabına tam ödənilməsi və ixrac edilməsi barədə tapşırıqların verildiyini deyib.
Görüşdə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası üçün görülməsi zəruri olan tədbirlərlə bağlı müzakirələr aparılıb. Quşçuluq müəssisələrinin nümayəndələri toyuq əti və yumurtanın maya dəyərinə təsir edən əsas amillər - dərman preparatları və vaksinləri, yem bazasının artırılması üçün əlavə torpaq sahələrinin ayrılması və s. barədə təkliflərini bildiriblər.
Görüşdə səsləndirilən təkliflərin qısa müddətdə öyrənilməsi və həyata keçirilməsi imkanlarının araşdırılması qərara alınıb.