...

İsveçrə şirkətləri Azərbaycanda dərman istehsalı sahəsində əməkdaşlıq imkanlarını araşdırır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2016 16:24 (UTC +04:00)
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 7-ci iclası keçirilib.
İsveçrə şirkətləri Azərbaycanda dərman istehsalı sahəsində əməkdaşlıq imkanlarını araşdırır (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan hökuməti və İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurası (SECO) arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım L.Leunun rəhbərlik etdikləri iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri və tanınmış şirkətlərin nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Ş.Mustafayev Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusi rolunu vurğulayıb. Bildirilib ki, İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına 220 mln. dollar investisiya yatırılıb. Azərbaycan da İsveçrəyə sərmayə qoyub. Hazırda İsveçrədə SOCAR brendi ilə 148 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir.

Azərbaycanda 65 İsveçrə şirkətinin fəaliyyət göstərdiyini qeyd edən Ş.Mustafayev İsveçrənin "Holcim" şirkətinin Azərbaycanın qeyri-neft sektorunda ən iri və uğurlu layihələrdən birini həyata keçirdiyini vurğulayıb. Azərbaycan İsveçrənin "Stadler Rail Group" şirkəti ilə səmərəli əməkdaşlıq edir, Bakı-Sumqayıt istiqamətində bu şirkətin qatarlarından istifadə olunur. İsveçrənin "AXPO" şirkəti TAP layihəsində 5%-lik paya malikdir və "Şahdəniz" yatağının 2-ci mərhələsi üzrə qazın alıcısıdır. Bundan başqa, İsveçrənin "ABB Global Marketing FZ-LLC" və "Trub Trading International AG" şirkətləri ilə də uğurlu əməkdaşlıq həyata keçirilir.

Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvarında 2 dəfə artıb.

İsveçrə hökuməti tərəfindən indiyədək Azərbaycanda 90 mln. dollar dəyərində 30-dan çox layihə icra olunub ki, bunun 25-i SECO tərəfindən maliyyələşdirilib. Hazırda 8 layihənin icrası davam etdirilir. Bu layihələrdən biznes mühitinin yaxşılaşdırılması ilə bağlı layihə xüsusilə qeyd edilməlidir.

Turizm və mədəniyyət sahələrində də ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində bir sıra işlər görülür.

Gələcək əməkdaşlıq istiqamətləri barədə danışan Ş.Mustafayev sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu, əczaçılıq, tranzit daşımaları, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını, iş adamları arasında əməkdaşlığın təşviqi üçün biznes forumların, sərgi və yarmarkaların təşkilinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Sumqayıt Kimya Sənaye Parkında investorlar üçün əlverişli şərait yaradılıb və İsveçrə şirkətləri bu imkanlardan istifadə edə bilərlər.

Xanım L.Leu çıxışında Azərbaycana səfərindən və ölkəmizdəki abadlıq-quruculuq işlərindən məmnunluğunu ifadə edib, qarşılıqlı səfərlərin əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. O, ölkələrimiz arasında imzalnmış sənədlərin, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunmasına, ticarət və iqtisadi əməkdaşlığa, ikiqat vergitutmanın aradan qaldırılmasına dair sənədlərin iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə geniş imkan yaratdığını diqqətə çatdırıb, Birgə Komissiyanın iclasında aparılan müzakirələrin əlaqələrin inkişafı baxımından önəmli olduğunu bildirib.

İclasda müxtəlif sahələrdə əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılıb, iqtisadi və ticarət əlaqələrinin, investisiya əməkdaşlığının genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib. İclasda, həmçinin Azərbaycanda əczaçılıq məhsullarının istehsalının yaradılması müzakirə olunub. Qeyd edilib ki, İsveçrənin dünyada tanınmış "Novartis Pharma Services AG" və "Roche" şirkətləri Azərbaycanda dərman istehsalı sahəsində əməkdaşlıq imkanlarını araşdırır. Bundan başqa, İsveçrə şirkətləri ilə tibbi avadanlıq istehsalı sahəsində müzakirələr aparılır. Həmçinin bildirilib ki, "Holcim Azerbaijan" sement ixracına başlamağı planlaşdırır. İsveçrənin "ABB Global Marketing FZ-LLC" şirkəti isə Azərbaycanda istehsalat sahəsinin qurulmasını araşdırır. Bundan başqa, iclasda İsveçrənin "SİKA" şirkəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti olmaq istədiyini bildirib. Şirkət sənaye parkının ərazisində tikinti qarışıqları istehsal etməyi və ilkin olaraq 5,3 mln. dollar investisiya qoymağı planlaşdırır.

İclasın sonunda Azərbaycan hökuməti və SECO arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Ş.Mustafayev və İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi L.Leu imzalayıblar. Protokolda sənaye, ticarət, investisiya qoyuluşu, kənd təsərrüfatı, enerji, turizm və s. sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Sənəddə, həmçinin tərəflərin ərazi bötövlüyü və suverenliyinə, habelə beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmətlə yanaşdıqları, fiziki və hüquqi şəxslərin fəaliyyətində bu prinsiplərə əsaslanmaq zəruriyyəti qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti