...

Azərbaycan və İran birgə dərman və avtomobil istehsalı üzrə sənədlər imzalayıblar (ƏLAVƏ OLUNUB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2016 15:38 (UTC +04:00)
Bu gün Bakıda dərman preparatlarının və avtomobillərin istehsalı sahəsində birgə layihələrin reallaşdırılması çərçivəsində Azərbaycan və İran şirkətləri arasında 4 memorandumun imzalanması mərasimi keçirilib.
Azərbaycan və İran birgə dərman və avtomobil istehsalı üzrə sənədlər imzalayıblar (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:04-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda dərman preparatlarının və avtomobillərin istehsalı sahəsində birgə layihələrin reallaşdırılması çərçivəsində Azərbaycan və İran şirkətləri arasında 4 memorandumun imzalanması mərasimi keçirilib.

Trend-in məlumatına görə, sənədlər İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin Bakıya səfəri çərçivəsində imzalanıb.

Memorandumlar Sumqayıt Kimya Sənaye Parkı, Azərbaycan İnvestisiya Şirkəti, "Azərsun Holdinq" və İranın "Darou Pakhsh" və "Iran Khodro" şirkətləri arasında imzalanıb.

"Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Azərsun Holdinq" MMC və İranın "Darou Pakhsh" şirkəti arasında imzalanmış Azərbaycanda əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalının təşkili haqqında Anlaşma Memorandumuna əsasən birgə yeni müəssisə yaradılacaq. Bu müəssisəni "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Azərsun Holdinq" MMC və "Darou Pakhsh" şirkəti birgə maliyyələşdiriləcəklər. Müəssisədə ağrıkəsici, antibiotik və vitamin təyinatlı 52 adda dərman preparatlarının istehsalı nəzərdə tutulur. Dərman preparatları ilkin olaraq daxili bazar üçün nəzərdə tutulur. Müəssisənin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılması planlaşdırılır.

Qeyd edək ki, İranın ən böyük əczaçılıq şirkəti olan "Darou Pakshs" 1956-cı ildən fəaliyyət göstərir və İranın Əmək və Sosial İşlər Nazirliyinin tabeliyindədir. Şirkət vitamin və minerallar, ağrıkəsici və hərarət salıcı dərmanlar, kardiovaskulyar dərmanlar, astma əleyhinə preparatlar, antikonvulsantlar, antidepresantlar, dezinfeksiya preparatları, həzm sistemi dərmanları, peyvəndlər, dietik əlavələr və əvəzləyicilər, antihistaminlər, antidiabetiklər, baytarlıq preparatları və s. məhsullar daxil olmaqla 48 farmakoloji qrup üzrə 368 adda dərman istehsal edir. İstehsal etdiyi dərman preparatlarını Azərbaycan da daxil olmaqla dünyanın 20-dən çox ölkəsinə ixrac edir.

"Sumqayıt Kimya Sənaye Parkı" MMC ilə İranın "Darou Pakhsh" şirkəti arasında imzalanmış Anlaşma Memorandumu əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalı layihəsinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilməsi ilə bağlıdır. Memoranduma uyğun olaraq, tərəflər əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalı layihəsinin həyata keçirilməsi üçün "Darou Pakhsh", "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Azərsun Holdinq" MMC-nin təsisçiliyi ilə yaradılacaq yeni şirkətin Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçməsi üçün lazımi prosedurları həyata keçirəcəklər.

Azərbaycanın "Azevrocar" MMC və İranın "İran Khadro" şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, şirkətlər Azərbaycanda minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalını həyata keçirəcəklər. İlkin olaraq layihə üzrə istehsal edilməsi məqsədəuyğun olan avtomobil modelləri müəyyənləşdiriləcək, sonra isə layihə üzrə biznes-plan hazırlanacaq. Layihənin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi nəzərdə tutulur. Zavodun 2 ilə tikilməsi planlaşdırılır.

Tədbir çərçivəsində, həmçinin "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Azevrocar" MMC arasında avtomobil və müvafiq ehtiyat hissələrinin istehsalı layihəsinin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanmışdır. Memoranduma uyğun olaraq, "Azevrocar" şirkətinə Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunun verilməsi üçün şirkət müvafiq sənədləri hazırlayaraq AİŞ-ə təqdim edəcək. Bundan sonra isə layihənin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi üçün "Azevrocar" şirkətinə AİŞ tərəfindən sənaye məhəlləsinin iştirakçısı statusu veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti