...

Qaradağda sahibkarlara güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2016 16:52 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Qaradağda sahibkarlara güzəştli kreditlər verilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 15-də bu istiqamətdə növbəti tədbir Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirilib. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Qaradağda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Qaradağ rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ət kəsimi, şirniyyat məhsulları, üzlüklər, dam örtükləri, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində ölkə üzrə 1297 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 75,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

İndiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1268 investisiya layihəsinin maliyyələşdirilməsinə 323,3 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq, bağçılıq təsərrüfatları, ət emalı, “yaşıl market”, logistik mərkəzlər, tikinti materialları, mebel, neft-kimya sənayesi avadanlıqları, metal konstruksiya istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.

Qeyd edilib ki, son illər güzəştli kreditlər hesabına 145 sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 470 milyon manatdan çox güzəştli kredit verilib. Maliyyələşdirilmiş müəssisələrdən 125-i istifadəyə verilib. Bu müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 15 sahibkarlıq subyektinə 2,9 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, əkinçilik, ət kəsimi və emalı, çörək, tikinti materialları, idman ləvazimatları istehsalı sahələrinə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Qaradağ rayonunda dövlətin güzəştli krediti ayrılmış ildə 438 min ton tikinti materialları istehsal etmək gücündə olan zavoda və idman ləvazimatları istehsalı müəssisəsində tikinti işlərinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti