...

Sentyabrda FEAS-ın XIII Baş Assambleyası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2007 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / May ayının 3-4-də Ukraynanın paytaxtı Kiyev şəhərində Avrasiya Fond Birjaları Federasiyasının (FEAS) İşçi Komitəsinin yığıncağı keçirilib. Bu barədə cümə axşamı Bakı Fond Birjasının (BFB) yaydığı məlumatda göstərilib. Bakı Fond Birjasını bu tədbirdə İdarə Heyətinin sədri Xəyal Abdinov və marketinq şöbəsinin rəisi Kamran Əliyev təmsil edib. Tədbirdə həmçinin Misir, İordaniya, Bəhreyn, Türkiyə, Belarus, Serbiya, Çernoqoriya, Oman və digər ölkələrin nümayəndələri də iştirak edib.

FEAS İşçi Komitəsinin yığıncağı Ukrayna Fond Birjasının təşkilatçılığı ilə baş tutub. Tədbir əsnasında bir sıra mühüm məsələlər müzakirə olunub. Bunların arasında İşçi Komitənin nəzdində yaradılmış bəzi işçi qruplarının fəaliyyətləri, Dow Jones və FEAS arasında Federasiyaya üzv birjaların ticarət məlumatları əsasında regional indeksin yaradılması üzrə əldə olunmuş razılığın layihəsi, media ilə iş, üzv birjaların qarşılıqlı səfərləri (Bilateral Exchange Program), Dünya Birjalar Federasiyası (WFE) ilə potensial əməkdaşlıq sahələri və 2007-ci ildə FEAS tərəfindən keçiriləcək tədbirlərin siyahısının müzakirəsini qeyd etmək olar. Tədbirdə həmçinin iştirakçıların hesabatları da dinlənilib. Yığıncaqda İşçi Komitənin tərkibində marketinq sahəsi üzrə işçi qrupunun yaradılmasına dair təklif də səslənib və bu təklifin Federasiyanın 2007-ci ilin sentyabrında Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək növbəti XIII Baş Assambleyasında baxılması qərara alınıb.

Bakı Fond Birjası 2001-ci ildən FEAS-ın tamhüquqlu üzvüdür. 2006-cı ilin noyabr ayında isə BFB FEAS-ın İcra Komitəsinin üzvlüyünə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti