...

Azərbaycanda "quş qripi" ilə bağlı növbəti monitorinq sona çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2007 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend S.Babayeva/ Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti ölkədə 2007-ci ildə "quş qripi"nin xəbərdarlığı ilə bağlı keçirilən növbəti monitorinqi sona çatdırıb.

Dövlət Xidmətinin mətbuat xidməti Yolçu Xanvəlinin bazar ertəsi verdiyi məlumata görə, monitorinq baytarlıq xidmətinin, Ekologiya, Səhiyyə nazirliklərinin, Ovçular Cəmiyyətinin mütəxəssislərindən ibarət komissiya tərəfindən aparılıb.

Monitorinq Abşeron yarımadasını, Dəvəçi, Səlyan, Ağcabədi və Lənkəran rayonlarını əhatə edib.

Xanvəlinin sözlərinə görə, monitorinq zamanı xəstə və ölü quşlar, həmçinin köçəri quşlar aşkar olunmayıb.

O, həmçinin bildirib ki, çöl və ev quşlarının qan nümunələri və patoloji materialları əsasında laborator müayinələr aparılır.

Laborator müayinələrin nəticələri iyulun 7-də açıqlanacaq. Bundan sonra növbəti monitorinqin tarixi müəyyənləşdiriləcək.

2006-cı ildən bu günə qədər Azərbaycanda 15 monitorinq keçirilib ki, bu monitorinqlər zamanı ölkə ərazisində virus aşkarlanmayıb. Lakin buna baxmayaraq, ölkənin baytar sərhəd məntəqələri gücləndirilmiş rejimdə işləyir və çöl quşlarının ovuna, satışına və istifadəsinə qoyulan qadağa qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti