Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisi layihəsinə qoşulması üzrə danışıqları sonuncu mərhələyə qədəm qoyub. Bu barədə Trend ə Qazaxıstanın Azərbaycandakı səfirinin müşaviri Bağdad Seybattalov məlumat verib.
"Hazırki mərhələdə tariflərlə bağlı məsələ nizamlanır", - deyə müşavir qeyd edib. O qeyd edib ki, Qazaxıstan hər il BTC marşrutu ilə 20 milyondan artıq neft nəql etməyi planlaşdırır. "Gələcək perspektivdə bu rəqəm artacaq", - deyə B. Seybattalov bildirib. Onun sözlərinə görə, hökumətlərarası razılaşmanın bütün detallarını ekspertlər səviyyəsində müzakirə etmək məqsədilə artıq 15-dən çox görüş keçirilib.
Sonda diplomat qeyd edib ki, " Artıq 2008-ci ildə Qazaxıstandan bu ölkənin neftinin böyük hissəsi BTC marşrutu ilə nəql olunacaq".