...

ABƏŞ "Bibiheybət"də ictimai sərmayə proqramını uğurla başa çatdırıb

Energetika Materials 10 Mart 2006 18:40 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində "Bibiheybət" ərazisi üçün ictimai sərmayə proqramını başa çatdırıb. Trend in ABƏŞ-in yaydığı məlumata istinadən verdiyi xəbərə görə, ərazidəki ATA (Amec, Tekfen və Azfen konsorsiumu) tikinti-quraşdırma sahəsində Mərkəzi Azəri Kompressor və Suvurma platformasının (KvəSP) tikinti işləri həyata keçirilib.

Bibiheybət üçün AÇG KvəSP İctimai Sərmayə Proqramı (İSP) 2004-cü il mart ayının ortalarında, AÇG tərəfdaşları adından 400 000 ABŞ dolları dəyərində İSP işlərinin yerinə yetirilməsi üçün Beynəlxalq Xilasetmə Komitəsi (BXK) ilə qrant sazişi imzalanmaqla başlanmışdı.

Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları BP (operator - 34,1%), Yunokal (10,3%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İtoçu (3,9%), Amerada Hess (2,7%) şirkətləridir.

KvəSP İctimai Sərmayə Proqramının məqsədi icma qurumlarını möhkəmləndirən, liderlik və texniki qabiliyyətlər yaradan, eləcə də sosial və iqtisadi infrastrukturu təkmilləşdirən çoxsahəli, icmaya əsaslanan təşəbbüslər vasitəsilə Bibiheybət icması üçün davamlı sosial və iqtisadi inkişafın təmin olunmasına kömək etmək idi. Bunlar Bibiheybətdə elektrik təchizatı sisteminin bərpası, tibb məntəqəsinin tiklməsi və onun avadanlıqlarla təchiz olunması, məktəb idman zalının tikintisi, ilk tibbi yardım məntəqəsinin tikintisi, məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqəsində elektrik sisteminin bərpa olunması, bir icma mərkəzinin və bir uşaq bağçasının tikilməsi, eləcə də icma parkının salınması üçün silsilə mikrolayihələri əhatə edirdi.

Mikrolayihələrin ümumi dəyəri 232.000 yeni Azərbaycan manatı (təqribən 254.000 ABŞ dolları) idi ki, bu məbləğin 27.800 yeni Azərbaycan manatı (təqribən 30.000 ABŞ dolları) yerli bələdiyyənin və icra hakimiyyəti orqanlarının dəstəyi ilə icma töhfəsi olmuşdur.

AÇG KvəSP İSP meneceri Nigar Qəribova deyib: "Əlavə olaraq, bu proqram yerli səviyyədə seçilmiş icma liderlərinin müəyyənləşdirilməsi və onlara təlim keçilməsindən, sahələr üzrə xüsusi təlimlərdən, layihənin icma səviyyəsində həyata keçirilməsindən başlamış icma inkişafı fəaliyyətlərini təşkil və idarə etmələri üçün icma liderlərinin öz qabiliyyətlərini inkişaf etdirmələri məqsədilə onlara hamilik və texniki dəstək göstərilməsinə qədər müxtəlif işləri əhatə etmişdir. Bu proqram həmçinin Bibiheybət icmasında ən üstün ehtiyacların birgə müəyyənləşdirilməsi və yoluna qoyulması üçün icma liderləri ilə yerli bələdiyyə müşavirləri və icra hakimiyyəti yetkililəri arasında əlaqələrin inkişaf etdirilməsiə yönəldilmişdi. Bu proqramdan təxminən 1.850 adam birbaşa faydalanmışdır. Bu proqramın istifadə etdiyi "icma iştirakı" metoduna görə proqram fəaliyyətlərində elə bir element olmalıdır ki, icma liderliyinin və demokratik qərarçıxarma bacarıqlarının inkişafını təmin etsin. Bu baxımdan, inanırıq ki, Bibiheybət camaatı bu proqramın nəticələrindən qarşıdakı uzun illər boyu faydalanacaq."

Xəbər lenti

Xəbər lenti