Bakı. Xeyrəddin Nəsirzadə - Trend:
Azərbaycanda yeni sığorta məhsullarının tətbiq olunması üzrə iş aparılır.
Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı IX Beynəlxalq Sığorta Forumunda deyib.
O qeyd edib ki, yeni məhsullar arasında həkimlərin peşəkar məsuliyyətinin sığortası, sığorta agentlərinin məsuliyyətinin sığortası, eləcə də tikintidə işləyən işçilərin sığortasının tətbiq olunması planlaşdırılır.
Bundan başqa, sahibkarların gömrük postlarında və digər saxlanma yerlərində saxlanan əmlakının icbari sığortası imkanları da nəzərdən keçirilir.