Bakı. Trend:
Azərbaycanın valyuta ehtiyatları ilin əvvəlindən 1,8 faiz artaraq 69,7 milyard ABŞ dollarına çatıb.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu məbləğin 11,7 milyard dolları Mərkəzi Bankın valyuta ehtiyatlarının payına düşüb (1,1 faiz artım).
Qeyd edək ki, iyulun 31-də Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 7,25 faiz səviyyəsində dəyişməz saxlamaq qərarına gəlib.
AMB-nin məlumatına görə, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
"Ötən iclasdan bəri illik inflyasiya yüksəlsə də hədəf diapazonunun (4±2%) aşağı həddinin altında olub. Belə ki, 2024-cü ilin iyun ayında 12 aylıq inflyasiya 1.1%, baza inflyasiya isə 0.8% təşkil edib. İllik ərzaq inflyasiyası 0.2%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.4% olub", - məlumatda deyilir.
Bundan başqa, Mərkəzi Bankdan bildiriblər ki, inflyasiyanın xarici fonu ümumilikdə sabitdir.
(Tərcümə: Rəna Əbdürəhmanova)