Bakı. Trend:
Azərbaycan enerji sektorunda yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq ölkə təkcə neft və qaz ixracatçısı kimi deyil, həm də regional “yaşıl enerji” qovşağı kimi tanınmağa doğru irəliləyir. Bu məqsədlə həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın həm iqtisadi gücünü, həm də beynəlxalq enerji bazarındakı rolunu gücləndirir.
Prezident İlham Əliyev bu siyasətin mahiyyətini belə ifadə edib:
“Bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır. Burada da Azərbaycan ön sıralardadır. Bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox geniş miqyaslıdır. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 il ərzində 30-dan çox su elektrik stansiyası inşa edilmişdir. Onların toplam generasiya gücü 300 meqavatdan çoxdur. Günəş və külək elektrik stansiyalarının inşası gedir. Bu yaxınlarda Cəbrayıl rayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyuldu. O stansiyaların yanında 240 meqavat gücündə üçüncü Günəş elektrik stansiyası inşa edilir. Bütövlükdə 2030-cu ilə qədər günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafının növbəti istiqamətidir”.
Energetika Nazirliyinin məlumatına görə, ölkənin ümumi elektrik enerjisi istehsal gücü hazırda 9732,5 MVt təşkil edir. Bunun 1829,6 MVt-ı bərpa olunan enerji mənbələrinin payına düşür ki, bu da ümumi gücün təxminən 19 faizidir.
Ötən il ölkədə 28,4 milyard kVt·saat elektrik enerjisi istehsal
edilib. Onun 24,1 milyardı daxili tələbatın ödənilməsinə, 1,4
milyardı ixraca yönəlib, idxal həcmi isə cəmi 70,7 milyon kVt·saat
olub. 2025-ci ilin ilk doqquz ayında isə istehsal 21,8 milyard
kVt·saat, ixrac 989,6 milyon, idxal isə 145 milyon kVt·saat təşkil
edib.
Yeni nəsil “yaşıl
enerji” layihələri – Biləsuvar, Neftçala, Şəfəq və
Cəbrayıl
Bu yaxınlarda ilk panelin quraşdırılması ilə 445 MVt gücündə “Biləsuvar” Günəş Elektrik Stansiyasının tikintisinə start verilib. 943 mindən çox paneldən ibarət olacaq bu stansiya regionun ən böyük günəş enerjisi layihələrindən biridir. Paralel olaraq 315 MVt-lıq “Neftçala” Günəş Elektrik Stansiyası, 240 MVt gücündə “Abşeron-Qaradağ” Külək Elektrik Stansiyası və 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyası üzrə işlər ardıcıl davam etdirilir.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoydu. Bu layihə ölkənin yaşıl enerji strategiyasının mühüm tərkib hissəsi hesab edilir və Cəbrayıl rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını qoyur.
Bundan əlavə, ölkədə bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi - 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının tikintisinə başlanması və əlavə 100 MVt-lıq günəş enerjisi layihəsi üzrə də intensiv işlər görülür. Bu layihələrin reallaşması nəticəsində 2027-ci ilə qədər bərpa olunan enerjinin payı quraşdırılmış gücdə 33,7 faiz-ə çatacaq. Yeni stansiyalardan əldə ediləcək 5 milyard kVt·saat elektrik enerjisi hesabına 1 milyard kubmetrdən çox təbii qaza qənaət və 2,3 milyon tonadək emissiya azalması təmin ediləcək.
Qlobal kontekst və Azərbaycanın çevik yanaşması
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına görə, 2024-cü ildə dünyada 582 QVt yeni bərpa olunan enerji gücü quraşdırılıb. Lakin bu göstərici 2030-cu ilə qədər “yaşıl keçid” hədəflərinə çatmaq üçün tələb olunan illik artım tempindən geri qalır. Enerji kəsintiləri, şəbəkə yüklənməsi və saxlama imkanlarının məhdudluğu bir çox ölkələrdə ciddi çətinlik yaradır.
Bu baxımdan Azərbaycan bərpa olunan enerjinin inkişafını şəbəkə və saxlama infrastrukturunun gücləndirilməsi ilə paralel şəkildə həyata keçirir. 2 QVt-lıq enerji gücünün idarə olunması üçün 250 MVt gücündə və 500 MVt/saat tutuma malik batareya sistemləri qurulur. Həmçinin Dünya Bankının dəstəyi ilə AZURE layihəsi çərçivəsində 1 QVt gücündə yeni günəş və külək stansiyalarını şəbəkəyə bağlayacaq 500/300 kV-luq “Nəvahi” yarımstansiyası və elektrik xətləri inşa olunur.
Energetika naziri Pərviz Şahbazov vurğulayıb:
“Planlarımız 2030-cu ilədək bərpa olunan enerjinin quraşdırılmış gücdə payını 38 faizə yüksəltməkdir. Bu məqsədlə tərəfdaşlarımızla imzalanmış müqavilələr çərçivəsində quruda və dənizdə əlavə 700 MVt gücün yaradılmasına da enerji sisteminin inteqrasiya imkanları və dayanıqlılığının təmin olunması baxımından yanaşırıq”.
Naxçıvan – yeni “Yaşıl
Enerji Zonasına” çevrilir
Bərpa olunan enerjinin inkişafında Naxçıvan Muxtar Respublikası da mühüm yer tutur. “Yaşıl Enerji Zonası” Konsepsiyası çərçivəsində 2026–2030-cu illər üçün 12 prioritet istiqamət müəyyənləşdirilib. Naxçıvanda hazırda bərpa olunan enerjinin payı quraşdırılmış gücdə 44 faiz, istehsalda isə 48 faizdir. Yaxın illərdə 50 MVt-lıq günəş stansiyası, eləcə də Tivi və Ordubad su elektrik stansiyalarının istifadəyə verilməsi ilə bu göstəricilərin daha da artacağı gözlənilir.
Eyni zamanda, Naxçıvandan Türkiyəyə elektrik ixracı və şəbəkə bağlantısının qurulması istiqamətində birgə tədqiqatlar aparılır. Layihə çərçivəsində “Cəbrayıl–Naxçıvan” (330 kV) və “Naxçıvan–Türkiyə” (400 kV) enerji xətlərinin, eləcə də çevirici yarımstansiyanın inşası planlaşdırılır. Bu infrastruktur Zəngəzur dəhlizi vasitəsilə regionda “yaşıl enerji” nəqlinin yeni mərhələsini açacaq.
Xəzər dənizi küləyi və beynəlxalq enerji dəhlizləri
Azərbaycan “yaşıl enerji”nin regional ötürülməsi üzrə bir neçə beynəlxalq layihəni icra edir. “Caspian Breeze” Konsorsiumu (ACWA Power, Masdar və SOCAR Green) və Çin şirkətləri ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizinin külək potensialı reallaşdırılır. Planlaşdırılan 6 QVt-lıq layihənin 4 QVt hissəsi 2032-ci ildən etibarən “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə ixrac olunacaq. Layihə artıq Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına daxil edilməsi üçün təqdim edilib.
Bundan başqa, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan “Transxəzər Enerji Dəhlizi” sazişi sözügedən ölkələrin elektrik sistemlərinin tarixdə ilk dəfə birləşməsinə imkan yaradacaq. Layihənin qərargahı Bakıda yerləşən “Yaşıl Dəhliz Alyansı” adlı Birgə Müəssisə tərəfindən idarə olunur və Asiya İnkişaf Bankı ilə Asiya İnfrastruktur və İnvestisiya Bankının maliyyə dəstəyi ilə texniki-iqtisadi əsaslandırma işləri aparılır.

Hidrogen, geotermal enerji və səmərəlilik
Azərbaycan həm də hidrogen enerjisi sahəsində milli strateji baxış sənədini hazırlayır. Bu sənəd “yaşıl hidrogen” istehsalı, istehlakı və ixracını əhatə edəcək və ölkənin qlobal enerji trendinə inteqrasiyasını sürətləndirəcək.
Bundan əlavə, ölkənin geotermal enerji potensialı 571,2 MVt, elektrik enerjisi potensialı isə 57,1 MVt səviyyəsində qiymətləndirilir. Bu xüsusda Bibiheybət, Kürdəmirdə və Masallıda geotermal pilot layihələrin həyata keçirilməsi planlaşdırılır.
Enerji keçidinin digər əsas istiqaməti isə enerji səmərəliliyidir. Bu sahədə “Enerji Effektivliyi İnformasiya Sistemi” (EEİS) və “Enerji Effektivliyi Fondu” yaradılıb. Müvafiq qanunvericiliyə əsasən, yaxın illərdə enerji səmərəliliyi üzrə güzəştli kreditlər, qrantlar və subsidiyalar təqdim ediləcək.
Bir sözlə qeyd edə bilərik ki, Azərbaycanın “yaşıl enerji” strategiyası artıq təkcə daxili ehtiyacların ödənilməsinə deyil, həm də Mərkəzi Asiyadan Avropaya qədər uzanan enerji dəhlizlərinin formalaşmasına xidmət edir. Bu, ölkəni regionun əsas enerji mərkəzinə çevirəcək və qlobal miqyasda “yaşıl keçid” prosesinə real töhfə verəcək.
